ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında İranın ABŞ-a qarşı hərbi baxımdan uğur qazandığını bildirən media materiallarını sərt tənqid edib. O, belə xəbərləri “mahiyyət etibarilə xəyanət” adlandıraraq, onların Tehrana “yalançı ümid” verdiyini bildirib.
“Anadolu Agentliyi” Trampın paylaşımına istinadən yazır ki, ABŞ lideri medianı “düşmənə yardım və dəstək verməkdə” ittiham edib.

Tramp paylaşımında İran ordusunun ciddi şəkildə zəiflədildiyini iddia edib. Onun sözlərinə görə, İranın Hərbi Dəniz Qüvvələrinə məxsus 159 gəminin hamısı “dənizin dibindədir”, ölkənin Hərbi Hava Qüvvələri sıradan çıxarılıb, hərbi texnologiyaları məhv edilib, rəhbərliyi isə artıq əvvəlki vəziyyətdə deyil. ABŞ Prezidenti İranın iqtisadi baxımdan da “fəlakət” yaşadığını qeyd edib.
Bu açıqlama ABŞ mediasında İranın hələ də ciddi raket imkanlarına malik olması barədə xəbərlərin yayılmasından sonra verilib. “The Independent” yazır ki, Trampın paylaşımı ABŞ kəşfiyyatına istinadən İranın Hörmüz boğazı boyunca yerləşən 33 raket mövqeyindən 30-na yenidən əməliyyat çıxışı əldə etməsi barədə məlumatların fonunda səslənib.
“CBS News”-un məlumatına görə, Tramp paylaşımında İranın hərbi imkanlarının “tamamilə sıradan çıxarıldığını” vurğulayıb və ABŞ-a qarşı tənqidi mövqe tutanları “qorxaq” adlandırıb. Nəşr həmçinin qeyd edir ki, ABŞ Konstitusiyasında “xəyanət” anlayışı hüquqi baxımdan konkret şəkildə müəyyən edilsə də, Trampın ifadəsi siyasi ritorika kontekstində işlədilib.
Tramp daha əvvəl də İranın dəniz imkanlarının məhv edildiyini iddia etmişdi. Aprelin 23-də o, ABŞ Hərbi Dəniz Qüvvələrinə Hörmüz boğazında mina yerləşdirən İran qayıqlarını “vurub məhv etmək” göstərişi verdiyini bildirmiş və İranın 159 gəmisinin artıq dənizin dibində olduğunu demişdi.