Naxçıvanda “Nakhchivan Global Youth Forum 2026” keçirilib

Naxçıvan Dövlət Texniki Kollecində Ulu Öndər Heydər Əliyevin 103-cü ildönümünə həsr olunan “Nakhchivan Global Youth Forum 2026” beynəlxalq forumu keçirilib. Tədbirdə 200 nəfərə yaxın yerli və əcnəbi gənc iştirak edib.

Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində “Nakhchivan Global Youth Forum 2026” beynəlxalq forumu keçirilib. Forum Azərbaycan Respublikasının Gənclər Fondunun və Naxçıvan Dövlət Universitetinin dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə baş tutub. Tədbir Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunub. 

Naxçıvanda təhsil alan yerli və əcnəbi gənclərin iştirakı ilə keçirilən forum ümumilikdə 200 nəfərə yaxın iştirakçını əhatə edib. Tədbirin əsas məqsədi gənclərin qlobal çağırışlar, innovativ yanaşmalar və müasir inkişaf istiqamətləri üzrə bilik və bacarıqlarının artırılması, onların dəyişən dünyada baş verən transformasiya proseslərinə daha fəal inteqrasiyasının təşviqi olub.

Forumun rəsmi açılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Açılışda Naxçıvan Dövlət Universitetinin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Nicat Yaqubov, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Rəşad Zeynalov və Azərbaycan Respublikasının Gənclər Fondunun Naxçıvan filialının direktoru Arzu Qasımov çıxış ediblər. Çıxışlarda gənclərin hərtərəfli inkişafı, beynəlxalq əməkdaşlıq, tələbə iştirakçılığı və dövlət gənclər siyasətinin əhəmiyyəti vurğulanıb.

Tədbir “İştirakdan Təsirə: Gənclər Siyasətində Yeni Yanaşmalar” adlı ilk panel sessiyası ilə davam edib. ATGTİ sədri Rəşad Zeynalovun moderatorluğu ilə keçirilən paneldə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Hüquq siyasəti komitəsinin sədr müavini Əziz Qasımov, Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Gülxanım Orucova, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Surxay Rzayev və Gənclər Fondunun Naxçıvan filialının direktoru Arzu Qasımov çıxış ediblər. Paneldə gənclərin qərarvermə proseslərində iştirakı, liderlik bacarıqlarının inkişafı, dövlət-gənclər əməkdaşlığının gücləndirilməsi və müasir gənclər siyasətində innovativ yanaşmalar müzakirə olunub.

Forum çərçivəsində mədəni proqram da təqdim edilib. Naxçıvan Dövlət Universiteti nəzdində Naxçıvan Musiqi Kollecinin “İrs” muğam ansamblı çıxış edib, “Bəzmi-cahan” rəqs qrupu isə “Uzundərə” rəqsini nümayiş etdirib. Bu hissə iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Daha sonra “Gələcəyin peşələri: Süni İntellekt Dövründə Gənclərin Rolu” adlı ikinci panel sessiyası keçirilib. Fidan İsmayılovanın moderatorluğu ilə baş tutan paneldə Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəqəmsal innovasiyalar və süni intellekt sektorunun baş məsləhətçisi Kənan Hüseynəliyev, Naxçıvan Dövlət Universitetinin Magistratura və doktorantura mərkəzinin direktor müavini Təbrizə Bağırova və “Ləzzət” Şirkətlər Qrupunun nümayəndəsi Elvin Əliyev çıxış ediblər.

Panel zamanı süni intellektin əmək bazarına təsiri, gələcəyin peşələri, rəqəmsal transformasiya, innovasiya və gənclərin rəqabətqabiliyyətli bacarıqlarının inkişaf etdirilməsi məsələləri müzakirə olunub. Spikerlər bildiriblər ki, müasir dövrdə rəqəmsal savadlılıq, analitik düşüncə, innovativ yanaşma və dəyişən əmək bazarına uyğunlaşma bacarığı gənclər üçün əsas üstünlüklərdən birinə çevrilir.

Forum Naxçıvanda gənclər arasında beynəlxalq dialoqun, fikir mübadiləsinin və yeni əməkdaşlıq platformalarının inkişafı baxımından əhəmiyyətli tədbir kimi qiymətləndirilib.

May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.