Çexiya çempionatında “Slaviya Praqa” – “Sparta Praqa” derbisi azarkeşlərin meydana daxil olması səbəbindən yarımçıq dayandırılıb. Hadisə oyunun əlavə vaxtının 7-ci dəqiqəsində baş verib. Həmin anda “Slaviya” 3:2 hesabı ilə öndə idi və qələbə qazanacağı təqdirdə vaxtından əvvəl Çexiya çempionluğunu rəsmiləşdirəcəkdi.
Xəbəri “Reuters”–ə istinadən xəbər veririk.
Məlumata görə, yüzlərlə “Slaviya” azarkeşi final fitindən əvvəl meydançaya daxil olub. Əvvəlcə erkən çempionluq sevinci kimi görünən hadisə qısa müddətdə nəzarətdən çıxıb: pirotexniki vasitələr yandırılıb, “Sparta” futbolçuları təhlükəsizlik səbəbindən meydanı tərk etməyə məcbur olublar. Çexiya mediası bəzi “Sparta” oyunçularının hücuma məruz qaldığını yazır.
“Sparta”nın qapıçısı Yakub Surovçik hadisədən sonra hüquqi addımlar atacağını bildirib. Çexiya polisi azarkeşlərin meydana daxil olması və futbolçulara hücum iddiaları ilə bağlı cinayət araşdırmasına başlayıb.
Matçın taleyinə Çexiya Liqa Futbol Assosiasiyasının İntizam Komitəsi qərar verəcək. “Slaviya”ya 0:3 hesablı texniki məğlubiyyət, böyük məbləğdə cərimə və stadion cəzası verilə bilər. Əgər texniki məğlubiyyət qərarı çıxarılsa, “Sparta” liderlə fərqi 5 xala endirəcək və çempionluq mübarizəsi yenidən açılacaq.
“Slaviya” rəhbərliyi hadisəni sərt şəkildə pisləyib. Klubun idarə heyətinin sədri Yaroslav Tvrdik meydana daxil olan şəxsləri “azarkeş” adlandırmaqdan imtina edib və insidenti “Slaviya üçün rüsvayçılıq” kimi qiymətləndirib. Klub artıq Şimal tribunasının qeyri-müəyyən müddətə bağlandığını, hücumlarda iştirak edən şəxslərin müəyyən ediləcəyi halda onlara ömürlük stadion qadağası tətbiq olunacağını açıqlayıb.
Hadisə “Slaviya” üçün xüsusilə absurd nəticə yarada bilər. Komanda oyunun bitməsinə cəmi bir neçə dəqiqə qalmış çempionluğa çox yaxın idi, lakin azarkeşlərin vaxtından əvvəl meydana axışması həm matçın nəticəsini, həm də titulun rəsmiləşməsini təhlükə altına salıb.