Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da 150 çarpayılıq Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının binasının tikintisi ilə tanış olublar.
Səhiyyə naziri Teymur Musayev dövlət başçısına və birinci xanıma xəstəxanada görülmüş və nəzərdə tutulan işlər barədə məlumat verib. Qeyd olunub ki, tibb müəssisəsinin təməli Prezident İlham Əliyev tərəfindən 2021-ci ildə qoyulub. Xəstəxananın ərazisi 5 hektara yaxındır.
Yeni xəstəxanada terapiya, cərrahiyyə, pediatriya, doğum, yoluxucu xəstəliklər, anesteziologiya-reanimasiya, hemodializ və digər şöbələrin fəaliyyəti nəzərdə tutulur. Bundan başqa, burada poliklinika, şüa-diaqnostika, funksional-diaqnostika, fizioterapiya və tibbi bərpa şöbələri, eləcə də klinik diaqnostika laboratoriyası yaradılacaq.
Hazırda əsas bina ilə yanaşı, yoluxucu xəstəliklər, hemodializ və poliklinika korpuslarının, təcili tibbi yardım stansiyasının, Cəbrayıl Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin və digər yardımçı binaların inşası davam etdirilir.
Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının tikintisi işğaldan azad olunmuş ərazilərdə səhiyyə infrastrukturunun bərpası və əhalinin keyfiyyətli tibbi xidmətlə təmin olunması istiqamətində həyata keçirilən mühüm layihələrdən biri hesab olunur. Müasir tibb müəssisəsinin istifadəyə verilməsi Cəbrayıl şəhəri və ətraf yaşayış məntəqələrinə qayıdan sakinlərin səhiyyə xidmətlərinə əlçatanlığını artıracaq.



