Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Cəbrayıl rayonunun Şükürbəyli kəndinin açılışında iştirak ediblər. Dövlət başçısı əvvəlcə kənddə inşa olunmuş 360 şagird yerlik məktəb binasının açılışını edib.
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev kənddə görülən işlər barədə Prezidentə və birinci xanıma məlumat veriblər. Bildirilib ki, Şükürbəyli kəndi Cəbrayıl rayon mərkəzindən 18 kilometr cənub-şərqdə, düzənlik ərazidə yerləşir. Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş, 2020-ci ildə Vətən müharibəsi zamanı Azərbaycan Ordusu tərəfindən azad olunmuşdu. Prezident İlham Əliyev 2023-cü ildə kəndin təməlini qoymuşdu.
Yeni məktəbdə fənn kabinetləri, fizika, kimya və biologiya laboratoriyaları, informatika, texnologiya və ibtidai hərbi hazırlıq sinifləri yaradılıb. Təhsil müəssisəsində kitabxana, akt və idman zalları, yeməkxana, həmçinin məktəb ərazisində futbol və basketbol meydançaları da şagirdlərin istifadəsinə verilib. İşğaldan azad edilmiş ərazilərdə müasir məktəblərin tikintisi Böyük Qayıdış prosesinin mühüm istiqamətlərindən biri kimi qiymətləndirilir.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva daha sonra Şükürbəyli kəndində inşa edilmiş fərdi evlərdə yaradılan şəraitlə tanış olublar. Kəndə Şükürbəyli ilə yanaşı, Şıxalıağalı, Dəjəl kəndlərinin və Mahmudlu qəsəbəsinin sakinləri də daxil olmaqla, ümumilikdə 2522 nəfərin — 615 ailənin köçürülməsi nəzərdə tutulur. İlkin mərhələdə 635 fərdi ev istifadəyə verilib. Onlardan 615-i sakinlər, 20-si isə xidməti istifadə üçün nəzərdə tutulub. Evlər 2, 3, 4 və 5 otaqlıdır.
Kənddə sakinlərin rahat yaşayışı üçün geniş sosial və mühəndis infrastrukturu yaradılıb. Burada hər biri 80 yerlik olmaqla iki körpələr evi-uşaq bağçası, həkim məntəqəsi, musiqi məktəbi, klub-icma mərkəzi və yerli icra strukturları üçün inzibati bina tikilib. Şükürbəyli kəndində 35/10 kV-luq elektrik yarımstansiyası inşa olunub, elektrik enerjisi, təbii qaz, içməli su, rabitə, internet və “İP TV” şəbəkələri qurulub, yollar asfaltlanıb.
Daha sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şükürbəyliyə köçən sakinlərlə görüşüblər. Dövlət başçısı çıxışında kənd sakinlərini doğma torpaqlarına qayıtmaları münasibətilə təbrik edib. Prezident bildirib ki, işğal dövründə Ermənistan kəndi tamamilə dağıtsa da, Azərbaycan azad edilmiş əraziləri yenidən qurur və Şükürbəyli bunun bariz nümunəsidir.
Prezident İlham Əliyev qeyd edib ki, kənddə yaşamaq, işləmək və təhsil almaq üçün bütün şərait yaradılıb. Dövlət başçısı həmçinin Cəbrayıl rayonunun gələcək inkişafında kənd təsərrüfatı, sənaye, nəqliyyat və enerji layihələrinin mühüm rol oynayacağını vurğulayıb. O, “Araz Vadisi” İqtisadi Zonasında artıq rezidentlərin fəaliyyətə başladığını, Cəbrayılda böyük Günəş elektrik stansiyalarının inşa edildiyini və Zəngəzur dəhlizinin bir hissəsi olan yeni dördzolaqlı yolun regionun nəqliyyat imkanlarını artıracağını bildirib.
Görüşdə sakinlər doğma yurda qayıdışdan duyduqları sevinci ifadə edərək Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təşəkkür ediblər. Dövlət başçısı isə sakinlərə doğma torpaqda rahat həyat arzulayıb.





















