Zoğal tumu babasili müalicə edirmi?

Sosial şəbəkələrdə zoğal tumunun babasil və düz bağırsaq çatına qarşı faydalı olduğu iddia edilir. Lakin tibbi mənbələr bu üsulun təsdiqlənmiş müalicə olmadığını bildirir və həkimə müraciəti tövsiyə edir.

Sosial şəbəkələrdə babasil və düz bağırsaq çatlarının müalicəsi üçün zoğal tumunun udulması ilə bağlı reseptlər yenidən yayılıb. Paylaşımlarda yeməkdən əvvəl gündə 10–15 ədəd zoğal tumunun udulmasının babasilin müxtəlif formalarında “möcüzəvi” təsir göstərdiyi iddia olunur. Lakin mövcud tibbi mənbələrdə zoğal tumunun babasil və ya anal çat üçün təsdiqlənmiş müalicə üsulu kimi qəbul edildiyini göstərən güclü klinik sübut yoxdur.

Babasil zamanı beynəlxalq tibbi tövsiyələr əsasən qəbizliyin qarşısının alınmasına, nəcisin yumşaldılmasına, liflə zəngin qidalanmaya, bol maye qəbuluna, isti oturaq vannalara və aptekdə satılan yerli vasitələrə əsaslanır. Britaniya Milli Səhiyyə Sisteminin məlumatına görə, babasil əlamətlərində ağrı, qaşınma və şişkinliyi azaltmaq üçün kremlər, qəbizliyi aradan qaldırmaq üçün isə yumşaldıcı vasitələr tövsiyə oluna bilər. Davamlı və ya güclü ağrı, qanaxma olduqda isə həkimə müraciət edilməlidir.

Düz bağırsaq çatlarında da əsas məqsəd nəcisin yumşaq saxlanılması və çat nahiyəsində sağalmanın dəstəklənməsidir. “Mayo Clinic”-in məlumatına görə, anal çatların bir çoxu lif və maye qəbulunun artırılması, isti vannalar və qəbizliyin aradan qaldırılması kimi tədbirlərlə bir neçə həftə ərzində sağala bilər. Lakin simptomlar davam edərsə, xüsusi kremlər, dərman müalicəsi və bəzi hallarda cərrahi müdaxilə lazım ola bilər.

Zoğalın tərkibində antioksidant xüsusiyyətli maddələrin olduğu və xalq təbabətində müxtəlif məqsədlərlə istifadə edildiyi barədə elmi ədəbiyyatda məlumatlar var. 2025-ci ildə dərc edilən icmalda zoğal meyvəsinin xalq təbabətində, o cümlədən babasil kimi hallarda istifadə olunduğu qeyd edilir. Lakin bu, gündəlik zoğal tumu udma reseptinin babasili və ya düz bağırsaq çatını müalicə etdiyini sübut etmir.

Mütəxəssislər xüsusilə “möcüzəvi resept” kimi təqdim olunan üsullara ehtiyatla yanaşmağı tövsiyə edirlər. Babasil və anal çat bəzən sadə problem kimi görünsə də, düz bağırsaqdan qan gəlməsi, uzunmüddətli ağrı, irinli axıntı, qızdırma, sürətli pisləşmə və ya təkrarlanan şikayətlər daha ciddi xəstəliklərin əlaməti ola bilər. “NHS Inform” qeyd edir ki, davamlı və ya ağır babasil əlamətləri, xüsusilə də rektal qanaxma mütləq həkim tərəfindən qiymətləndirilməlidir.

Bu səbəbdən zoğal tumu kimi xalq təbabəti üsulları tibbi müalicənin əvəzi kimi təqdim edilməməlidir. Belə reseptlərdən istifadə etmək istəyən şəxslər, xüsusilə hamilələr, uşaqlar, xroniki mədə-bağırsaq problemi olanlar, qan durulaşdırıcı dərman qəbul edənlər və ya qanaxması olan pasiyentlər əvvəlcə həkimlə məsləhətləşməlidir.

May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.