ABŞ İrana nüvə proqramı və regional gərginliyin azaldılması ilə bağlı yeni çərçivə planının layihəsini təqdim edib. “The Wall Street Journal”-ın məlumatına görə, tərəflər vasitəçilərin iştirakı ilə 14 maddəlik ilkin anlaşma memorandumu üzərində işləyir. Layihə qəbul olunarsa, bu sənəd 30 günlük daha ətraflı danışıqlar mərhələsinin başlanmasına əsas yarada bilər.
Məlumata əsasən, müzakirə olunan sənəd həm İranın nüvə proqramının məhdudlaşdırılmasını, həm də Hörmüz boğazı ətrafında yaranmış gərginliyin yumşaldılmasını əhatə edir. Mümkün razılaşma tam sülh müqaviləsi deyil, daha çox qısamüddətli və məhdud çərçivə sənədi kimi nəzərdən keçirilir. Bu sənədin əsas məqsədi müharibəni dayandırmaq, Hörmüz boğazı ilə bağlı böhranı azaltmaq və daha geniş razılaşma üçün 30 günlük danışıqlar pəncərəsi açmaqdır.
Nəşrin yazdığına görə, Donald Tramp administrasiyasının əsas tələbləri sırasında İranın nüvə silahı əldə etməyə çalışmadığını rəsmən təsdiqləməsi, Fordo, Nətənz və İsfahandakı nüvə obyektləri ilə bağlı sərt məhdudiyyətlər, yeraltı nüvə fəaliyyətlərinin dayandırılması, həmçinin pozuntu halında sanksiyaların bərpasını nəzərdə tutan yoxlama mexanizmi yer alır. ABŞ tərəfi, həmçinin İranın uran zənginləşdirməsini qeyri-müəyyən müddətə deyil, 20 il müddətinə dayandırmasını və zənginləşdirilmiş uran ehtiyatlarını təhvil verməsini istəyir.
Planın digər mühüm hissəsi Hörmüz boğazı ilə bağlıdır. Layihəyə əsasən, İran boğaz üzərində nəzarəti yumşaltmalı, ABŞ isə danışıqlar dövründə İran limanlarına tətbiq etdiyi blokadanı azaltmalıdır. Bununla belə, əsas fikir ayrılıqları hələ də qalır. “WSJ”-nin məlumatında qeyd olunur ki, uran zənginləşdirilməsinin dayandırılma müddəti, İranın zənginləşdirilmiş uran ehtiyatlarının taleyi və Tehranın Hörmüz boğazının təhlükəsizliyində daimi rol tələbi hələ tam razılaşdırılmayıb.
“Al Jazeera” isə yazır ki, İran tərəfi danışıqlarda əvvəlcə Hörmüz boğazı və blokada məsələsinin həllinə üstünlük verir, nüvə mövzusunun isə sonrakı mərhələdə müzakirə olunmasını istəyir. Bu isə Vaşinqton və Tehran arasında yanaşma fərqinin hələ də dərin olduğunu göstərir.
Hələlik tərəflər arasında yekun razılaşma elan edilməyib. Lakin ABŞ rəsmiləri danışıqların münaqişə başlayandan bəri ilkin anlaşmaya ən yaxın mərhələdə olduğunu bildirirlər. “Anadolu Agentliyi”nin məlumatına görə, təklif olunan memorandum müharibənin dayandırılmasını və daha geniş razılaşma üçün 30 günlük danışıqlar prosesinin başlanmasını nəzərdə tutur.