“OpenAI” prezidenti: “Mask Mars üçün 80 milyard dollar istəyirdi”

"OpenAI" prezidenti Qreq Brokman məhkəmədə bildirib ki, İlon Mask 2017-ci ildə şirkətə tam nəzarət əldə edərək Marsda şəhər qurmaq üçün 80 milyard dollar toplamaq istəyib.

1

“OpenAI” prezidenti Qreq Brokman məhkəmədə bildirib ki, İlon Mask 2017-ci ildə “OpenAI”-nin kommersiya əsaslı struktura keçməsini dəstəkləyib, lakin bunun qarşılığında şirkət üzərində tam nəzarət əldə etmək istəyib. Brokmanın sözlərinə görə, Mask bu nəzarətdən Marsda özünü təmin edən şəhər qurmaq üçün lazım olan 80 milyard dolları toplamaq məqsədilə istifadə etməyi planlaşdırırdı.

Bu barədə Reuters” məlumat yayıb.

Brokman ifadəsində bildirib ki, həmin dövrdə “OpenAI” qabaqcıl süni intellekt modelləri hazırlamaq üçün böyük maliyyə resurslarına ehtiyac duyurdu və qeyri-kommersiya modelinin bu vəsaiti toplamağı çətinləşdirdiyi düşünülürdü. Onun sözlərinə görə, Mask struktur dəyişikliyi baş verəcəyi halda “OpenAI”-nin rəhbəri olmaq istəyirdi. Brokman əlavə edib ki, həmin vaxt digər mümkün rəhbər namizəd indiki baş direktor Sem Altman idi.

Məhkəmədə Brokman 2017-ci ilin avqustunda keçirilən gərgin görüşü də xatırladıb. Onun iddiasına görə, Mask “OpenAI”-də çoxluq payına sahib olmalı olduğunu deyib və bunu biznes təcrübəsi ilə əsaslandırıb. Brokman bildirib ki, Mask Marsda şəhər yaratmaq üçün “80 milyard dollara” ehtiyacı olduğunu söyləyib və nəticədə şirkət üzərində tam nəzarət istədiyini açıq ifadə edib.

Hazırda Mask “OpenAI”-yə qarşı məhkəmə iddiası qaldırıb. O, şirkətin ilkin qeyri-kommersiya missiyasından uzaqlaşdığını, kommersiya modelinə qanunsuz şəkildə keçdiyini və yenidən qeyri-kommersiya strukturuna qaytarılmalı olduğunu iddia edir. “Reuters”-in məlumatına görə, Mask 150 milyard dollar təzminat tələb edir və bu vəsaitin “OpenAI”-nin qeyri-kommersiya qoluna ödənilməsini istəyir. O, həmçinin Altman və Brokmanın rəhbər vəzifələrdən uzaqlaşdırılmasını tələb edir.

“OpenAI” isə Maskın iddialarını rədd edir. Şirkətin mövqeyinə görə, Mask “OpenAI”-nin uğurlarından əvvəl idarə heyətindən ayrılıb və indi nəzarəti yenidən əldə etməyə çalışır. “OpenAI” həmçinin iddia edir ki, Maskın məhkəmə prosesi onun öz süni intellekt şirkəti “xAI”-nın maraqları ilə bağlıdır.

Məhkəmə prosesi Kaliforniyanın Oklend şəhərində davam edir və “OpenAI”-nin gələcək korporativ strukturu baxımından mühüm əhəmiyyət daşıyır. Brokman məhkəmədə bildirib ki, “OpenAI” 2026-cı ildə hesablama resurslarına 50 milyard dollar xərcləməyi planlaşdırır. Daha əvvəl “Reuters” yazmışdı ki, Brokman “OpenAI”-dəki payının təxminən 30 milyard dollar dəyərində olduğunu açıqlayıb.

May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.