ABŞ dövlət katibi Marko Rubio cümə axşamı Vatikana səfəri çərçivəsində Papa XIV Leo ilə görüşəcək. ABŞ-ın Müqəddəs Taxt-Tacdakı səfiri Brayan Börç bildirib ki, Rubio görüşdə ABŞ siyasəti ilə bağlı “açıq və səmimi dialoq” aparmaq niyyətindədir.
Bu barədə “Reuters” məlumat yayıb.
Görüş ABŞ Prezidenti Donald Trampın Papa Leo ilə bağlı yeni tənqidlərindən sonra baş tutacaq. Tramp sağçı radio aparıcısı Hyu Hyuittə müsahibəsində Papanı İranın nüvə silahına malik olmasına qarşı kifayət qədər sərt mövqe göstərməməkdə ittiham edib. “Reuters” qeyd edir ki, Papa Leo heç vaxt İranın nüvə silahına sahib olmasını dəstəklədiyini deməyib; o, ABŞ-İsrailin İrana qarşı müharibəsinə qarşı çıxış edib.
Papa Leo Trampın ittihamına cavabında Katolik Kilsəsinin missiyasının sülhü təbliğ etmək olduğunu bildirib. O, insanların onu tənqid etməkdə azad olduğunu, lakin əsas məqsədinin xristian mesajını və sülh çağırışını çatdırmaqdan ibarət olduğunu vurğulayıb. Papa həmçinin nüvə silahlarını dəstəklədiyi iddiasını rədd edərək Kilsənin uzun illərdir bütün nüvə silahlarına qarşı çıxış etdiyini qeyd edib.
Səfir Brayan Börç ABŞ və Vatikan arasında “dərin uçurum” olduğu fikri ilə razılaşmadığını deyib. Onun sözlərinə görə, Rubio Vatikana tərəflərin bir-birini daha yaxşı anlaması və mümkün fikir ayrılıqlarını dialoq yolu ilə müzakirə etməsi üçün gəlir.
Papa Leo son həftələrdə İrana qarşı müharibəni daha sərt tənqid etməyə başlayıb. O, həmçinin Tramp administrasiyasının sərt miqrasiya siyasətini tənqid edib və ABŞ-la katolik əhalinin çoxluq təşkil etdiyi Kuba arasında dialoqa çağırış edib. Rubio cümə günü isə İtaliyanın Baş naziri Corcia Meloni ilə də görüşəcək.