Robinyo Neymarın oğluyla insidentinə görə narazıdır

“Santos”da Neymarla Robinyo Jr. arasında məşq zamanı baş verdiyi iddia olunan insidentlə bağlı araşdırma başlayıb. Robinyo tərəfinin görüntülərin açıqlanmasını və mümkün cəza tədbirlərini tələb etdiyi bildirilir.

Braziliyanın “Santos” klubunda Neymarla Robinyo Jr. arasında məşq zamanı baş verdiyi iddia olunan insident ətrafında qalmaqal böyüyür. Braziliya mediasının məlumatına görə, Robinyo Jr.-un nümayəndələri kluba rəsmi bildiriş göndərərək Neymarı fiziki və şifahi aqressiyada ittiham ediblər. Hadisənin mayın 3-də, “Santos”un CT Rei Pelé bazasında keçirilən məşqində baş verdiyi bildirilir.

MSNews.az xəbəri “Ge Globo” nəşrinə istinadən verir.

Bildirişdə 18 yaşlı Robinyo Jr. Neymarın ona qarşı təhqiramiz ifadələr işlətdiyini, onu yıxdığını və üzünə zərbə endirdiyini iddia edir. Futbolçunun hüquqi komandası “Santos”dan insidentlə bağlı daxili araşdırma aparılmasını, məşqin görüntülərinin təqdim edilməsini, klubun atacağı addımlarla bağlı rəsmi mövqe bildirməsini və mümkün müqavilə ləğvi məsələsinin müzakirəsi üçün görüş keçirilməsini tələb edib.

“Santos” hadisə ilə bağlı daxili araşdırma başladığını açıqlayıb. Klubun məlumatına görə, prezidentliyin göstərişi ilə Neymar Jr. və Robson de Souza Jr. — Robinyo Jr. arasında baş verən epizodun araşdırılması üçün prosesə start verilib və məsələ klubun hüquq departamentinə həvalə olunub.

UOL-un məlumatına görə, hazırda həbsdə olan keçmiş futbolçu Robinyo oğlunun Neymarla yaşadığı münaqişədən vəkil komandası vasitəsilə xəbər tutub və vəziyyətdən ciddi narazı qalıb. Məlumatda bildirilir ki, Robinyo Neymarın “Santos”da Robinyo Jr. üçün bir növ himayədar rolunu oynayacağını gözləyirdi, çünki vaxtilə özü də Neymarın karyerasının ilk illərində ona dəstək olmuşdu. Braziliya mediasında yayılan iddialara görə, Robinyo hadisənin sadəcə üzrxahlıqla bağlanmamasını, məşq görüntülərinin açıqlanmasını və Neymarın cərimələnməsini istəyir.

Bununla belə, bəzi mənbələr Neymarın hadisədən sonra Robinyo Jr.-dan üzr istədiyini və tərəflər arasında gərginliyin paltardəyişmə otağında yumşaldığını bildirir. “ge” yazır ki, Neymar məsələni üzrxahlıqdan sonra bitmiş hesab etsə də, “Santos”un apardığı araşdırmanın nəticəsinə əsasən onun barəsində cərimə və ya maaşdan tutulma kimi intizam tədbiri görülə bilər.

Qeyd edək ki, Robinyo 2013-cü ildə İtaliyada baş vermiş qrup şəklində cinsi zorakılıq işi üzrə 9 il azadlıqdan məhrum edilib. Braziliya Ali Ədliyyə Məhkəməsi 2024-cü ildə İtaliya məhkəməsinin hökmünü tanıyaraq keçmiş futbolçunun cəzasını Braziliyada çəkməsinə qərar verib. Robinyo həmin il federal polis tərəfindən saxlanılıb və cəzasını çəkməyə başlayıb.

May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.