Netanyahu İsrailin hərbi arsenalını yeniləyir

İsrail Baş naziri Benyamin Netanyahu ölkənin hərbi arsenalının yenilənməsi üzrə geniş proqram elan edib. Proqram “F-35” və “F-15IA” qırıcılarının alınmasını, yerli müdafiə istehsalının artırılmasını və dron təhlükəsinə qarşı yeni layihəni əhatə edir.

7

İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin hərbi imkanlarının artırılması və müdafiə sənayesində xarici asılılığın azaldılması məqsədilə irimiqyaslı proqram elan edib. Proqram çərçivəsində İsrailin iki yeni qırıcı eskadrilyası — “F-35” və “F-15IA” təyyarələri alacağı, həmçinin yerli silah və aviasiya istehsalına yatırımların artırılacağı bildirilib. İsrail Müdafiə Nazirliyi mayın 3-də satınalma komitəsinin “F-35” və “F-15IA” eskadrilyalarının alınmasını təsdiqlədiyini açıqlayıb. 

“Reuters”-in məlumatına görə, qərar ümumilikdə 350 milyard şekellik — təxminən 119 milyard dollarlıq uzunmüddətli hərbi gücləndirmə planının bir hissəsidir. Plan İsrail ordusunun növbəti onillikdə regional təhdidlərə hazırlığını artırmaq və havada strateji üstünlüyünü qorumaq məqsədi daşıyır.

Netanyahu çıxışında İsrailin “hər zamankından daha güclü” olduğunu və düşmənlərindən daim əhəmiyyətli dərəcədə üstün qalmalı olduğunu bildirib. O, proqramı iki əsas prinsip — “güclənmə” və “müstəqillik” üzərində qurduğunu deyib. Baş nazirin sözlərinə görə, yeni qırıcılar İsrailin havadakı üstünlüyünü daha da möhkəmləndirəcək.

Yeni razılaşma çərçivəsində İsrail “Lockheed Martin”dən dördüncü “F-35” eskadrilyasını, “Boeing”dən isə ikinci “F-15IA” eskadrilyasını almağı planlaşdırır. “The Jerusalem Post” yazır ki, bu qərar İsrailin “F-35” parkını 50-dən 100-ə, yeni “F-15IA” təyyarələrinin sayını isə 25-dən 50-yə çatdıracaq.

Baş nazir həmçinin İsrail pilotlarının uzaq məsafəli əməliyyatlar icra etmək qabiliyyətini vurğulayaraq, onların ehtiyac yaranarsa İran hava məkanında istənilən nöqtəyə çata biləcəyini deyib. Netanyahu bu fikri İranla son qarşıdurma fonunda İsrail Hərbi Hava Qüvvələrinin rolunu önə çəkərək səsləndirib.

Proqramın digər əsas istiqaməti İsrailin yerli müdafiə sənayesinin inkişafıdır. Netanyahu bildirib ki, yaxın on ildə müdafiə büdcəsinə əlavə 350 milyard şekel yönəldiləcək və bu vəsaitin böyük hissəsi İsraildə sursat, raket və digər hərbi sistemlərin istehsalına sərf olunacaq. Məqsəd xarici təchizatçılardan asılılığı azaltmaq və ölkənin müdafiə qabiliyyətini daha müstəqil hala gətirməkdir.

İsrail rəhbərliyi həmçinin yerli istehsal olan yeni nəsil uçuş aparatlarının hazırlanmasını planlaşdırır. Müdafiə naziri İsrael Katz yeni təyyarələrin avtonom uçuş imkanları, yeni nəsil müdafiə sistemləri və kosmik sahədə hərbi üstünlüklə bağlı texnoloji sıçrayış yaradacağını bildirib.

Netanyahu dron təhlükəsi ilə mübarizənin də ayrıca prioritet olduğunu açıqlayıb. “The Times of Israel”in məlumatına görə, Baş nazir bir neçə həftə əvvəl pilotsuz uçuş aparatları təhlükəsinə qarşı xüsusi layihənin yaradılması barədə göstəriş verdiyini və artıq işlərin gedişi ilə bağlı hesabat alacağını bildirib. O, layihənin vaxt tələb edəcəyini, lakin İsrailin bu istiqamətdə aktiv işlədiyini vurğulayıb.

Dron təhlükəsi xüsusilə Livanın cənubunda “Hizbullah”la toqquşmalar fonunda aktuallaşıb. İsrail mediası yazır ki, FPV tipli kiçik dronlar son dövrdə “Hizbullah”ın arsenalında daha çox istifadə olunur və onların bəzilərinin fiber-optik kabellə idarə edilməsi radioelektron mübarizə vasitələri ilə zərərsizləşdirilməsini çətinləşdirir.

May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031