“Olmayacaq duaya amin demə!”

“Amin” sözünün mənşəyi, dini istifadəsi, qədim Misir tanrısı Amonla əlaqələndirilən iddialar və yəhudilik, xristianlıq, islam ənənələrindəki yeri haqqında mətn.

43

“Olmayacaq duaya amin demə!”
(Anonim xalq deyimi)

Vərdişdir ki, duaların, müsbət diləklərin və xahişlərin ardından dinləyənlər, həmsöhbətlər həmişə böyük bir “AMİN!” ifadəsi ilə cavab verirlər.

“Amin” ifadəsi arami və ibrani dillərində “elə olsun!” məzmununda izah edilir. Halbuki hər şey göründüyü kimi deyil. “Amon”, “Amen” və ya “Amin” sözləri arasındakı bu maraqlı bənzərlik asanlıqla diqqətdən yayınmamalıdır.

Türkcəyə ərəbcədən keçən bu söz “elə olsun”, “Allah qəbul etsin” kimi mənalarda istifadə edilir. “Amin”in sami mənşəli bir söz olduğunu düşünənlər yazının davamında sözün mənşəyinin haradan gəldiyini öyrənəndə təəccüblənəcəklər. Sözün kökü “əmin, möhkəm, sabit” kimi mənalara gəlir və “etibarlı adam” mənasındakı “əmin” sözü ilə də qohumdur. Yunanca Köhnə Əhddə ümumiyyətlə “elə olsun” mənasında istifadə edilərkən, ingiliscə Tövratda “qətiliklə, həqiqətən də” mənasında işlədilir.

Bu ifadə bəzi din fəlsəfəçiləri, teosofistlər, Afrika mərkəzli tarix nəzəriyyəçiləri və qnostiklər arasında məşhur olan bir düşüncə ilə də əlaqələndirilir. Onlar sözün “tanrıların kralı” kimi tanınan Antik Misir tanrısı Amonun, yəni Amenin adından gəldiyini düşünürlər. Bununla birlikdə, ibranicə söz “aleph” — Amen ilə başlarkən, Misir dilindəki söz isə “yodh” — Yamen ilə başlayır.

Antik Misirdə dua edənlər duaların sonunda tanrının qəbulu üçün Amonun adı ilə — sonradan Amen olaraq təkamül etdiyi iddia edilən formada — cümləni, duanı bitirirmişlər.

Əhli-sünnə oxunan duaların sonunda həmişə “amin” deyir. Səbəb isə Məhəmməd Peyğəmbərin namazda Fatihə surəsinin oxunması bitdikdən sonra “amin” deyilməsini əmr etməsi ilə izah olunur.

Belə ki, hədisdə deyilir: “İmam Fatihəni tamamlayıb amin dedikdən sonra siz də ‘amin’ deyin. Kimin bu sırada ‘amin’ deməsi mələklərin o anda ‘amin’ deməsi ilə eyni ana rast gəlsə, keçmiş günahları bağışlanar.” (Müslim, K. Salat, 72; Əbu Davud, Salat, 167-168; Tirmizi, Mevakittü’s-Salat, 116).

Həmçinin bənzər hədis Əbu Hüreyrədən belə nəql edilir: Məhəmməd Peyğəmbər “İmam ‘amin’ dedikdən sonra siz də ‘amin’ deyin, çünki bir kimsə mələklərlə eyni anda amin desə, bütün keçmiş günahları bağışlanar”, — demişdir.

Buna qarşı Anadolu şiələri oxunan duanın sonunda “ya Allah, Allah” deyirlər. Şiə, Bektaşi və Mövləvi təriqət məktəblərində isə oxunan duaların sonunda “Allah eyvallah!” və ya yalnız “eyvallah!” deyə cavab verilir. “Eyvallah” ərəbcə “iy-vallah” ifadəsindən gəlir və “vallah elədir”, “Allah bilər” kimi mənalar daşıyır.

Anadolu xalq təsəvvüfündə isə bu, təvəkkül ifadə edən bir sözdür. “Xeyr də olsa, şər də olsa, hər gələn Ondandır. O, — Hu, yəni Allahı işarə edir”, — mənasını ehtiva edir.

“Eyvallah” ifadəsi türkcədə bu mənalarda da istifadə edilir:

  1. Biri bir şey ikram etdikdə “təşəkkür edirəm” mənasında “eyvallah” deyilir.
  2. Ayrılıb gedərkən “xudahafiz” mənasında “eyvallah” işlədilir.
  3. Birindən kömək istəyildikdə və ya “kömək edərsinizmi?” deyə soruşulduqda “bəli” mənasında “eyvallah” da istifadə edilir.

İfadənin etimoloji mənşəyi

“Amin” sözünün kökü, Nişanyanın “Türkcə etimoloji lüğəti”nə görə, ərəbcə ilə yəhudicədə ortaq olmaqla birlikdə, yəhudicə “āmīn” dua sözü kimi də istifadə edilir.

Başqa tərəfdən baxsaq, Osmanlı lüğətində “āmīn” sözünün açıqlaması belə verilir:

“Ya Rəbbi! Elə olsun, qəbul et! — tərcüməsində olub, duanın sonunda deyilir. İncildə iki yerdə bu haqda danışılır. Tövratda da var. Yəhudicə və süryanicədə də vardır. ‘Həqiqət, çox doğru, tamam’ mənasındadır.”

Aydın olduğu kimi, söz yəhudiləri Misirdən çıxaran Musa peyğəmbərin ənənəsindən gəlmiş və bu ənənə yəhudilikdən sonra müsəlmanlıqda da yaxşıca kök salaraq “Amin!” formasında qalmışdır. Ayrıca kişilərin, hətta qızların sünnət edilməsi ənənəsi də Musa peyğəmbərdən, Antik Misirdən qalaraq bu günümüzə qədər gəlib çatıb.

İlk məşhur təktanrılı din Antik Misirdə meydana gəlmişdir. Bu təktanrılı inancın memarı IV Amenhotep olan firondur. On səkkizinci sülalədə hökm sürən Amenhotep — “etibarlı”, “razı salınar” mənasındadır. Özü “əmin olunan natiq”, “sözlərinə güvənilən elçi” olaraq xarakterizə edilir. Onun dövründə məşhur şəkildə mənimsənilən inanc ilk böyük təktanrılı kumulyativ inanc kimi xarakterizə edilə bilər. Amon hər dua və diləyin arxasında öz adının deyilməsini də şərt qoymuşdu. Yəni bu dinin mənsubları “AMON” dedikdə “mən razı oldum”, “mən güvəndim”, “mən əmin oldum” demək istəyirdilər və bu ifadələr axtardığımızı hansısa şəkildə təsdiq edir. Ən böyük məbədləri isə Thebe, yəni Teb məbədi idi.

Bu dövrün baş rahibi I Tutmosisin — Moses, Musa — III Amonhotepin əmisi oğlu Musa peyğəmbər olduğu da izah edilir.

Səmavi dinlər təktanrılı dinlər olaraq bilinir. Səmavi dinlərin qabaqcılı olaraq isə İbrahim qəbul edilmişdir.

Gəlin, bir az tarixə səyahət edək. Özünüzü Misirdə təsəvvür edin: bərəkətli Nil torpaqlarındayıq, fironlar dövründəyik. Misirin inanclarında çoxlu tanrıya inanılırdı. Zaman-zaman bu tanrılardan biri önə çıxardı. Əslində, siyasi güc və həmin gücün bağlı olduğu tanrı zamanla əhəmiyyət qazanır və ya itirirdi. Qısacası, güclünün tanrısı güclü olurdu.

Amon, arvadı Mut və oğulları Xensu — Khensu — Theban qəbiləsinin müqəddəs tanrıları idi. Onlar miladdan əvvəl 1550-1070-ci illərdə Thebenin Misirin paytaxtı olduğu dövrdə mövcud olmuşdular. Amon və ya Amenin Misirdə əhəmiyyəti getdikcə artır və Amon sonda Misirin baş tanrısı, yaxud “tanrıların kralı” olur. Adı da “Amen Ra” və ya “Amon Ra” olaraq dəyişir. Yəhudilərin o bölgədə kölə olaraq yaşadığı və bunun 400 il davam etdiyi təxmin edilən dövrdə “Amen” sözünün əvvəl yəhudi dilinə, oradan da digər dillərə keçdiyi şübhə doğurmur. Bu söz Quranda yoxdur və İslama girişi isə Məhəmməd Peyğəmbərin ölümündən təxminən 200-300 il sonra yazılan hədis kitabları ilə əlaqələndirilir.

Müqəddəs sayılan kitabda ən qədim istifadələrdə söz “başqa bir natiqin sözlərini təsdiqləmək, eyni fikirdə olduğunu ifadə etmək” üçün istifadə edilirdi. Rəsmi andlarda vurğulamaq məqsədilə bəzən təkrarlanırdı.

İsa peyğəmbərin İncilindəki rəsmi ifadələrinin girişlərində istifadə edilən tək və ya cəm formadakı “amin”lərin yəhudilikdəki istifadəsi ilə birbaşa paralelliyi var. Bu ilkin “amin”lər İsa tərəfindən deyiləcək ifadələrin doğru və qəti olduğunu bildirirdi. Bu növdəki “amin”lər sinoptik İncillərdə — Matta, Markos və Luka — 52 dəfə, Yuhanna İncilində isə 25 dəfə keçir.

Yəhudilərdə duadan sonra “amen” demək ənənəsi antik çağlardan qalmaqdadır. Yəhudilikdə məbəddə camaat tərəfindən doksoloji, yəni tanrını tərifləyici sözlərin sonunda və ya din adamının etdiyi duanın ardından “amen” deyilməsinə miladdan əvvəl IV əsrdə də rast gəlinir. “Amen” anlayışının bu ayinsal istifadəsi sonradan xristianlığa keçmişdir. Xristian əzizlərindən şəhid Justinusun — b.e. II əsri — ifadə etdiyinə görə, “amin”in istifadəsinə Efkaristiya ayinindən başlanmış və zamanla baptizm mərasimində də istifadə edilmişdir.

“Amen”in şükrdən və ya duadan sonra — içdən və ya səsli şəkildə — deyilməsi ənənəsi sözün danışmadan sonra deyilənləri təsdiqləmək məqsədilə istifadəsindən törəmişdir. Bu şəkildəki istifadə Zəburda və Yeni Əhddə olduqca məşhurdur.

Xristianlıqda bütün dualar “amin” ilə bitir. İslamda “amin”in istifadəsi nisbətən daha az olmaqla birlikdə, Fatihə surəsi hər oxunduqda “amin” ilə bitirilir.

Tarixi mənşə

Belə bir mühitdə Thebae, yəni Teb şəhəri əhəmiyyət qazanmış və buradakı Amon məbədi daha da görkəmli hala gəlmişdir. Amon rahibləri imtiyazlı sinfi meydana gətirirdi. Tanrının evi sayılan məbədlərdə vəzifə yerinə yetirən ruhanilər sinfinin zənginliyinə söz demək mümkün deyildi. III Ramzes dövründə Amonun mal varlığı 235.000 hektar torpaq, 81.000 kölə, dirilərə bərabər rəftar görən 5.000 heykəl və 421.000 baş heyvan olaraq qeydə alınmışdır.

Gündəlik dini mərasimlərdə tanrını yedirtmək, tualetini etdirmək, geyindirmək kimi işlər görülərdi. İnanca görə, firon tanrı qanı daşıyırdı. Buna görə də müqəddəs qan pozulmasın deyə fironlar çox vaxt öz bacıları ilə, yəni insest evliliklər qururdular.

Maraqlıdır ki, eyni ənənə Antik Yunan Ptolomeylər sülaləsi dövründə də olmuşdur. Beləcə, bütün Kleopatralar qardaşları ilə evlənmişlər. İndiki dövrdə də zadəgan ailələr arasında evliliklərin olması bənzər səbəblərlə izah edilir.

Yenə inanca görə, “tanrı göydən yerə enmiş və kralı şəxsən özü yer üzündəki anasına doğuzdurmuşdur”. Yəni burada simvolik olaraq tanrı ilə evlilikdən danışılır. Tarixdə buna bənzər işarələrin təkrar istifadə edildiyini görürük. Ən yaxşı bilinənlərdən biri bakirə Məryəmin etdiyi doğumdur. İkincisi isə Brahmanın Şivadan doğumudur. Firon yaşadığı müddətdə tanrı Horus ilə bərabər tutulur və bu sifətlə ona inanılırdı. Ölümündən sonra isə “O biri dünya tanrısı” olan Osirislə bərabər tutularaq ona inanılmağa davam edilirdi. Qısaca söyləsək, Misirdə bəziləri daha təsirli rollara sahib olmaqla birlikdə, bir çox tanrıya tapınma ənənəsi vardı. Ancaq hər dövrdə tanrıların bəziləri digərlərinə nəzərən bir az daha önə çıxırdı.

E.ə. 1375-ci il, XVIII sülalə dövründəyik. Atası III Amenhotepdən sonra Misir taxtına onun oğlu IV Amenhotep — IV Amenophis kimi də tanınır — oturdu. O da öz növbəsində yeni bir təcrübəni həyata keçirməyə başladı. Bu, təktanrılıq idi. Misirdə təktanrılıq inancını qurmağa çalışan IV Amenhotep taxta keçdiyində Misir sivilizasiyası artıq dönüş nöqtəsinə gəlmiş və ən parlaq dövrlərini yaşamaqda idi. Bir çox sivilizasiyada olduğu kimi, burada da bəzi mövzularda korlanmalar, xalqın məmnuniyyətsizliyi üzə çıxmağa başlamışdı. Firon sülaləsinin qurucusu Menesin zamanından bəri təxminən 4000 il keçmişdi. Misirin sərhədləri Anadolu torpaqlarına qədər genişlənmişdi. Atası III Amonhotep də uğurlu bir firon olmuşdu. Parlaq bir həyatı vardı. İri quruluşlu, güclü bir insan idi. Xalq tərəfindən sevilir və sayılırdı.

IV Amonhotep isə taxta keçdiyində çox gənc idi. Bəzi mənbələr onun 11 yaşında olduğunu yazır. Döyüşlər və siyasi tənzimləmələrlə keçən bir həyatdan sonra yaşlanmış ata III Amonhotepdən və oğul IV Amonhotepdən, ətraf hökmdarlar da daxil olmaqla, hər kəs kömək istəyirdi. Ənənəyə görə, yeni firon bu kömək istəklərinə cavab verməli, orduların başına keçməli, siyasi tənzimləmələrlə məşğul olmalı və Misirin güclü mövqeyini davam etdirməli idi. Halbuki IV Amonhotep heç də gözlənildiyi kimi davranmadı. Onu ordular və ya siyasət deyil, inanc, din, ilahiyyat və fəlsəfə mövzuları maraqlandırırdı. Bu çox gənc firon anası kraliça Tiy və arvadı Nefertitinin təsiri altında idi. Buna görə də qadın tərəfindən istiqamətləndirilən bir şəxsiyyət kimi formalaşırdı. Sözügedən iki qadın və baxıcısının əri olan rahib yeni fironun ən yaxın çevrəsini və təsirlənmə mühitini meydana gətirirdi.

Ölkədə ruhanilər sinfi inanılmaz səlahiyyətlərlə təchiz edilmişdi və tanrı adına xalqı istismar və idarə etməyə çalışırdı. Yeni firon isə incə duyğularla yetişdirilmişdi, sənətə düşkün idi, din və inanc mövzularında davamlı məlumatlanmaqla zamanını keçirmişdi. O, komandir və imperator olmaqdan çox, xalqa sevgi ilə yaxınlaşmaq istəyən incə düşüncəli bir idarəçi olmaq istəyirdi. Bu vaxt özü dinlə məşğul olarkən, imtiyazlı sinifdə nüfuz mübarizələri başlamışdı. Onlar bir-birlərini yeyirdilər. Bütün ölkə “sən-mən” mübarizəsinə çevrilmişdi. Ölkənin üzərində fırtına buludları dolaşırdı. Misirin ən güclü quruluşları olan dinlə dövlətin arası açılmışdı.

Misirlilər dinlərinə düşkün olmaqla tanınırlar. Dinlərindəki tanrı sayı da xeyli çox idi. İnsan-heyvan qarışığı tanrılarla yanaşı, yer və göy tanrılarına da inanırdılar. Zamanla yeni tanrılar da yaradılır, dərhal din bazarına sürülürdü. Xalqın inancını istismar etmək bir qazanc qapısına çevrilmişdi. Artıq iş elə bir hal almışdı ki, misirlilər zaman-zaman tanrı sayını azaltmaq gərəkdiyini belə düşünmüşdülər. Belə hallarda eyni tanrının müxtəlif adlar daşıdığını bildirərək bu sayını azaltmağa çalışırdılar. Belə sıx bir tanrı topluluğu, əlbəttə, başsız ola bilməzdi.

Bu müqəddəs varlıqların başçılığı da Günəş tanrısı Raya verilmişdi. Ranın məbədi deltadakı Heliopolis — yunanca “Günəş şəhəri” — şəhərində idi. Göylərin hakimi Ra mövsümləri nizamlayır, qaranlığı və işığı yaradırdı. Misirlilər fironların Ranın oğlu olduğunu qəbul edirdilər. Ancaq zamanla Ranın din aləmində təkbaşına sürdüyü səltənət bölgələr arasında bəzi narazılıqlara səbəb olmağa başladı. Ayrıca Heliopolis rahibləri əks halda gözdən düşəcəklərini, güclərini itirəcəklərini anlamışdılar. Nəticədə, Ranın güclü adının yanına başqa bir tanrı adının da əlavə olunmasına qərar verildi. Thebes şəhəri kiçik bir şəhər ikən burada əhəmiyyətsiz bir tanrı olan Amon üçün kiçik bir məbəd vardı. Zamanla şəhər böyüdü, məbəd əhəmiyyət qazandı. Thebes şəhərinin hakimiyyəti qüvvətləndikcə Amon da güc qazandı. Thebes şəhəri əhəmiyyət qazanıb paytaxt olanda məbəd və tanrı Amonun nüfuzu daha da artdı və o, artıq baş tanrı mövqeyinə keçdi. Bu dövrdə Heliopolis rahibləri onu doğan Günəş tanrısı Ra ilə bərabər tutmaq hiyləgərliyini göstərmiş və imtiyazlarını itirməmək istəmişlər. Beləcə, bu dövrdə baş tanrı Amon-Ra adı ilə xatırlanmışdır. Ancaq “sən-mən” mübarizəsi davam edirdi. Amonun yüksəlişi hələ IV Amonhotepin başa keçmədiyi dövrə rast gəlir. Bu dövrdə Misir bir çox döyüşə də girmişdi. Döyüşlərin çox olduğu və qələbələrin qazanıldığı bu dövrdə bütün qələbələrin səbəbi Amon olaraq düşünülürdü və qənimətlərin ən böyük payı ona ayrılırdı. Beləcə, Amon rahibləri fövqəladə zənginliyə çatdılar. Onların fəaliyyəti çox böyük idi. Belə ki, fironun adı da “Amon məmnundur” mənasını daşıyan Amonhotep şəklində verilmişdi.

Ancaq bizim gənc firon bu vəziyyətdən heç məmnun deyildi. Onun din anlayışı ilə bütün bu olub-bitənlər uyğun gəlmirdi. Ona görə Günəş bütün yaranmanın qaynağı idi. Günəşin simvolu başqa heç bir şeylə birləşdirilməməli və bərabər tutulmamalı idi. Buna görə Günəş dairəsini işarələyən və günəşin izlədiyi yol mənalarını verən Aton adının mənimsənməsini istədi. Səltənətinin dördüncü ilində paytaxtdan ayrıldı. Orta Misirdə, “Günəş dairəsinin üfüqü” mənasını verən və bugünkü adı Tel əl-Amarna olan Akhet-Aton adlı yeni bir şəhər qurdu.

Primitiv cəmiyyət inanclarında bir şeyin adı və təsviri onun özündən belə daha əhəmiyyətlidir. Bu səbəbdən tanrıların adlarının da sehrli bir əhəmiyyəti vardır. Necə ki, Misirdə Amon adı belə bir əhəmiyyətə sahib idi. Rahiblər hər yerə Amonun adını yazdırmışdılar. Qayalarda, təpələrdə onun adı yazılı idi. Amenhotepdən sonra gələn firon isə əvvəlcə hər yerdən Amonun adını sildirməklə məşğul oldu. O biri tanrıların adlarını sildirmədi, amma onlara inanılmasını qadağan etdi.

Öz adını da “Atonun ruhu” və ya “Atonun ehtişamı” mənasını verən “Akhenaton” olaraq dəyişdirdi. Firon Akhenaton xalqı öyrətmək və düşüncəsini yerləşdirmək üçün tanrı Atona ilahilər yazdı. Bu ilahilər tanrının tək olduğunu işləyirdi. O da Aton ilə işarələnirdi. O, düşüncə dənizində bir inqilab edirdi.

İndi də Enis Akdağdan Akhenaton ilahi-şeirinə nəzər salaq:

“…Tanrı uludur, birdir, təkdir.
Ondan başqası yoxdur.
Bir dənədir.
Odur, hər varlığı yaradan…”

Xeyr, xeyr, bu yazdıqlarım azan deyil, Misir hökmdarı, firon Akhenatonun — Amenofisin — yazdığı bir ilahi-şeirdir.

İlahi-şeir belə davam edir:

“…Bir ruhdur Tanrı, görünməyən bir ruh,
Və başlanğıcda vardı Tanrı,
Tək varlıq idi o,
Heç bir şey yoxkən o vardı.
Hər şeyi o yaratdı,
Əzəldən bəri davam edən varlığı,
Əbədiyyətə qədər sürəcək,
Gizlidir Tanrı, kimsə görməmişdir onu,
İnsanlara və yaratdıqlarına sirr qalar hər vaxt…”

Təktanrılı dinlərin gerçək qurucusu kimi təqdim edilən Amenofis hər duanın sonunda öz adının — “Amen!” — deyilməsi təlimatını vermiş və bu tətbiq edilmişdir. Əvvəl Tövrata, oradan da İslamiyyətə keçən “amin”in də oradan gəldiyi iddia edilir.

Demək ki, “Amen!” sözünün mənşəyi köhnə Misir dili olan qibti, yəni kopt dilinə bağlanır. O dövrdə qıtlıq səbəbi ilə Misirə köç etmiş yəhudilər də o zamankı Misir ənənəsinə uyğun gələrək belə söyləməyə başlamışlar.

Gənc firon özündən əvvəlki fironların gerçəküstü təsvir edilməsi yolundakı qaydaları dəyişdirmiş, həqiqətə dönüşü dəstəkləmişdi. Öz portretlərinin də özü nəyə bənzəyirdisə, elə edilməsini istəmişdi. Kraliça Nefertiti çox cazibədar bir qadın idi və şəxsiyyəti ilə daim ərinin fikirlərinə dəstək olmuşdu. Akhenatonla xoşbəxt bir ailə həyatı sürməkdə idi.

Bütün bunlar baş verərkən, mühafizəkarlar və ənənəçilər hər sahədə meydana gəlmiş bu inqilabı xoşlamamışdılar. Ruhanilər mənfəətlərinə toxunan, imtiyazlarını əllərindən alan bu ictimai dəyişikliyi qəbul etmirdilər. Akhenaton isə öz inancını qoruya və yerləşdirə bilmək üçün ruhanilər sinfi ilə mübarizə aparırdı. Ancaq Akhenaton iyirmi doqquz yaşında, e.ə. 1358-ci ildə ölər-ölməz mürtəce reaksiya başladı.

Əks-inqilab başladığında mumiyası hələ məzarına qoyulmamışdı. Oğlu olmadığından hökmdarlıq böyük qızının əri Sahareyə qaldı, ancaq qısa bir müddət sonra taxtdan endirildi. Hökmdarın böyük kürəkəni yalnız bir il səltənət sürdü; kiçik kürəkəni isə Amon dininin rahiblərinə boyun əydi. Bunlardan yalnız baş rahib, peyğəmbər Musa — Tutmosis — müqavimət göstərdi və Köhnə Misiri tərk etmək məcburiyyətində qaldı.

Bu yeni inancın əleyhdarları rahiblərlə əməkdaşlıq edərək kiçik kürəkəni taxtdan endirdilər və yerinə başqa birini iqtidara gətirdilər. O, Amarnanı tərk edib Thebaeyə getdi və Tutankhaton adını Tutankhamon olaraq dəyişdirdi.

Akhenatonun qızıldan mumiyası da Thebesdə kral tərəfindən Tiyin məzarına qoyuldu. Mumiya 1907-ci ildə bir ingilis arxeoloq qrupu tərəfindən tapıldı.

Tutankhamonun yerinə keçən Horemheb rahiblərin oyuncağı olan bir əsgər idi. O, məbədləri yıxdırdı, Aton adını sildirib hər yerə Amon adını yenidən yazdırdı.

Ərəbcədə “Amin” sözü üç hərfli — əlif, mim, nun — “amana” sözündən formalaşıb, ibrani köklərə gedib çıxır və eyni mənanı daşıyır. İslamda “amin” sözü dua edəndən sonra səslənir və Quranda heç bir yerdə işlədilməyib. Ancaq “əlif-lam-mim” və “əlif-lam-ra” ilə başlayan ayələrin hamısı qədim yəhudi hekayələri ilə bağlıdır. “Əlif-Lam-Mim” — Bəqərə, Əl-i İmran, Ankəbut, Rum, Loğman, Səcdə; “Əlif-Lam-Ra” — Yunus, Hud, Yusuf, İbrahim, Hicr…

Gördüyünüz bu surələrdə İncildən, Tövratdan, Musadan, İbrahimdən, firondan və s. daha çox danışılır. Həmçinin ərəb dilinin özündə də Ra hərfi günəş mənasını verir. Amen Ra — Günəş allahı.

Məhəmməd Peyğəmbərin də qəbul etdiyi “Əl-İlah” da — sonradan dəyişilərək Allah kimi deyilməsi — Ay tanrısı sayılır. Quranda Günəş tanrısı olan “amin”dən söhbət açılmır, yalnız Ay tanrısı sayılan “əl-ilah”dan daha çox danışılır.