Ukraynada “Mindiç lentləri” yenidən gündəmdə

Ukraynada “Midas işi” çərçivəsində Timur Mindiçlə bağlı yeni audioyazılar yayımlanıb. Yazılarda Umerov, Şefir, Çernışov və Fire Point şirkətinin adı keçir.

10

Ukraynada “Midas işi” kimi tanınan korrupsiya qalmaqalı fonunda biznesmen Timur Mindiçlə bağlı yeni audioyazılar dərc olunub.

“Ukrainska Pravda”nın yaydığı materiallara görə, yazılar Ukraynanın Milli Antikorrupsiya Bürosu — NABU tərəfindən Mindiçin Kiyevdəki mənzilində qeydə alınıb və söhbətlərdə keçmiş prezident köməkçisi Sergey Şefir, hazırkı Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi, keçmiş müdafiə naziri Rüstəm Umerov və “Natalya” adlı şəxsin adı keçir.

Dərc olunan yazılarda Mindiç və Şefirin keçmiş baş nazir müavini Aleksey Çernışov üçün girov pulu məsələsini müzakirə etdiyi iddia olunur. Çernışovun vəzifə səlahiyyətlərindən sui-istifadə və rüşvət almaqda şübhəli bilindiyi bildirilir. Söhbətlərdə həmçinin Kiyev yaxınlığındakı Kozin qəsəbəsində yerləşən “Dinastiya” kottec kompleksi və oradakı tikinti işləri barədə detalların yer aldığı qeyd olunur.

Materialların ən diqqətçəkən hissələrindən biri Rüstəm Umerovla bağlıdır. “Ukrainska Pravda”nın yazdığına görə, Mindiç və Umerov söhbətlərdə Fire Point” şirkətini, uzaqmənzilli silah modellərini və müdafiə sahəsində maliyyələşmə məsələlərini müzakirə ediblər. Ukrayna mediasında yayılan araşdırmalarda Mindiçin “Fire Point”-in mümkün benefisiarlarından biri ola biləcəyi iddia olunur, lakin bu iddialar məhkəmə qərarı ilə təsdiqlənmiş fakt kimi təqdim edilmir.

Qalmaqal daha əvvəl də Ukrayna hakimiyyəti üçün ciddi siyasi təzyiq yaratmışdı. “Associated Press”-in məlumatına görə, NABU və antikorrupsiya prokurorluğu 15 aylıq araşdırma çərçivəsində təxminən 100 milyon dollarlıq mümkün rüşvət və mənimsəmə sxemini araşdırıb; söhbətlərdə Energoatom podratçılarından 10–15 faiz “geri ödəniş” tələb edildiyi iddia olunur. Nəşr eyni zamanda vurğulayır ki, yayımlanan audioyazıların məzmunu müstəqil şəkildə təsdiqlənməyib.

“Reuters” daha əvvəl yazmışdı ki, NABU Umerovu Timur Mindiçlə bağlı araşdırma çərçivəsində ifadəyə çağırıb. Qərb mediası bu işi Ukraynada müharibə dövrünün ən böyük siyasi-korrupsiya böhranlarından biri kimi qiymətləndirir. Qalmaqal fonunda Ukraynada bir neçə yüksək vəzifəli şəxs istefa verib, prezident ofisinin keçmiş rəhbəri Andriy Yermak da 2025-ci ilin noyabrında antikorrupsiya qurumlarının axtarışlarından sonra vəzifəsini tərk edib.

Yeni səs yazılarının yayılması “Mindiç işi”nin hələ bağlanmadığını göstərir. Məsələ həm Ukrayna daxilində korrupsiya ilə mübarizə institutlarının müstəqilliyi, həm də Kiyevin Qərb tərəfdaşları qarşısında şəffaflıq öhdəlikləri baxımından həssas qalır.