Şekspirin Londondakı evi ilk dəfə dəqiq müəyyənləşdirildi

Tədqiqatçılar Uilyam Şekspirin 1613-cü ildə aldığı London evinin dəqiq yerini ilk dəfə müəyyənləşdiriblər. Tapıntı dramaturqun son illərinə dair yeni ipucları verir.

28

İngilis tədqiqatçılar Uilyam Şekspirin 1613-cü ildə aldığı London mülkünün dəqiq yerini ilk dəfə müəyyənləşdiriblər. “King’s College London”-un açıqlamasına görə, professor Lüsi Manronun arxiv araşdırması nəticəsində dramaturqun Blekfrayrs bölgəsindəki yeganə məlum evinin konkret yerləşdiyi məkan və planı üzə çıxarılıb. 

Araşdırmaya əsasən, ev Londonun Blekfrayrs hissəsində, bugünkü St Andrew’s Hill ətrafında yerləşib. “Associated Press” yazır ki, tarixçilər Şekspirin bu ərazidə mülk aldığını əvvəllər bilsələr də, evin dəqiq ünvanı indiyədək naməlum idi. Yeni tapılmış XVII əsr planı isə həmin evin yerini dəqiq şəkildə göstərib.

“King’s College London”-un məlumatına görə, Lüsi Manro iki sənədi London arxivindən, bir sənədi isə Milli Arxivdən taparaq mülkün ölçülərini və yerləşməsini bərpa edib. Araşdırma göstərir ki, ev Şekspirin fəaliyyət göstərdiyi Blekfrayrs teatrına çox yaxın olub. Bu isə yazıçının karyerasının son dövründə Londondan tam uzaqlaşmadığı fikrini gücləndirir.

Mütəxəssislər hesab edirlər ki, bu tapıntı Şekspirin son illərini anlamaq baxımından əhəmiyyətlidir. Evin teatr mərkəzinə yaxın yerləşməsi dramaturqun Londonda daha uzun müddət yaşayıb işlədiyi ehtimalını artırır. Hətta onun Con Fletçer ilə birgə yazdığı “The Two Noble Kinsmen” əsərinin bir hissəsinin burada qələmə alınmış ola biləcəyi vurğulanır.

Araşdırmada evin sonrakı taleyi də aydınlaşıb. “King’s College London”-un məlumatına görə, mülk Şekspirin ailəsinin əlində 1665-ci ilə qədər qalıb, daha sonra satılıb və 1666-cı ildə baş verən Böyük London Yanğınında məhv olub.