İtaliyanın baş naziri Corcia Meloni bildirib ki, hökumət İsraillə müdafiə əməkdaşlığı haqqında sazişin avtomatik yenilənməsini dayandırıb. Bu qərar son həftələrdə Yaxın Şərqdə artan gərginlik və xüsusən Livandakı hadisələr fonunda verilib.
MSNews.az xəbəri “Reuters”-ə istinadən verir.
Meloni deyib ki, “razı olmadığımız məsələlər olanda, buna uyğun hərəkət edirik”. Roma son vaxtlar İsrailin Livandakı hücumlarını açıq tənqid edirdi. Gərginlik ötən həftə İsrail tərəfinin Livanda BMT mandatı altında xidmət edən italyan hərbçilərinin yaxınlığında xəbərdarlıq atəşi açmasından sonra daha da yüksəlib; hadisə nəticəsində bir nəqliyyat vasitəsinə ziyan dəyib.
Söhbət 2003-cü ildə Silvio Berluskoni hökuməti dövründə imzalanmış və 2006-cı ildə qüvvəyə minmiş memorandumdan gedir. Saziş hər beş ildən bir avtomatik yenilənirdi və hərbi təchizat, təlim, müdafiə sənayesi, tədqiqat və texnologiya sahələrini əhatə edirdi. Meloninin qərarı bu avtomatik uzadılma mexanizmini dayandırır.
İsrail Xarici İşlər Nazirliyi isə qərarın praktiki təsirini kiçiltməyə çalışıb. Rəsmi Təl-Əviv “İtaliya ilə təhlükəsizlik sazişimiz yoxdur, yalnız illər əvvəlki və məzmun baxımından ciddi olmayan memorandum var” mövqeyini səsləndirib və bunun İsrailin təhlükəsizliyinə təsir etməyəcəyini bildirib.
Qərar Meloni hökumətinin xarici siyasətdə ton dəyişdiyinə işarə kimi də şərh olunur. “Reuters” yazır ki, İtaliya müxalifəti uzun müddətdir bu sazişin dayandırılmasını tələb edirdi və hazırkı addım həm daxili siyasi təzyiq, həm də Yaxın Şərqdəki müharibənin iqtisadi nəticələri fonunda atılıb. Son günlər Roma İsrail səfirini çağırmış, daha sonra İsrail də İtaliyanın səfirini izahat üçün dəvət etmişdi.