İslamabadda keçirilən görüşün ilk raundları müəyyən fikir ayrılıqları ilə müşayiət olunsa da, ümumilikdə gərgin atmosferdə keçib. Bu barədə QAFSAM eksperti Novruzəli Yusubzadə MSNews.az üçün hazırladığı qısa təhlildə bildirib.
Ekspertin sözlərinə görə, diplomatiya masası adətən ya hər iki tərəf müəyyən dərəcədə tükəndikdə, ya da tərəflərdən biri digərinə şərtlərini diktə edəcək qədər üstün mövqe qazandıqda qurulur. Onun fikrincə, hazırkı münaqişədə də tərəflər müəyyən qədər tükənib, hərbi proses isə dalana dirənib.
Novruzəli Yusubzadə hesab edir ki, həm ABŞ, həm də İran hazırkı mərhələdə müvəqqəti atəşkəsdən istifadə edərək öz resurslarını bərpa etməyə, inventarlarını yeniləməyə və mümkün ikinci mərhələyə hazırlaşmağa çalışır. Ekspert vurğulayır ki, hər iki tərəf danışıqlar masasına maksimum şərtlərlə əyləşərək daha çox güzəşt və üstünlük əldə etməyə çalışır.
Təhlildə qeyd olunur ki, ABŞ üçün əsas hədəflərdən biri uranın fiziki olaraq İrandan çıxarılması, digəri isə Hörmüz boğazında sərbəst keçidin təmin edilməsidir. Ekspertin fikrincə, Vaşinqton bununla həm Tramp administrasiyası dövründə Obama mərhələsindən daha uğurlu nüvə anlaşması əldə etməyə çalışır, həm də dəniz yollarında sərbəst hərəkət prinsipini qorumağa xüsusi önəm verir.
Novruzəli Yusubzadə xatırladır ki, ABŞ İkinci Dünya müharibəsindən sonra supergüc statusu qazandıqdan sonra okean və dənizlərdə sərbəst hərəkət modelini təşviq edib. Onun sözlərinə görə, 1982-ci il Dəniz Hüququ Müqaviləsi də məhz, Vaşinqtonun ən qüdrətli olduğu dövrə təsadüf edir.
Ekspert danışıqların perspektivinə dair bildirib ki, bu formatın gələcəkdə də davam etməsi ehtimalı yüksəkdir. Bununla belə, o vurğulayıb ki, müharibə başlanarkən tərəflərin qarşıya qoyduğu əsas hədəflərin əksəriyyəti hələ reallaşmayıb və tərəflər hərbi baxımdan tam tükənməyib.
QAFSAM eksperti hesab edir ki, məhz, bu səbəbdən belə danışıqlar uzunmüddətli sülh mexanizmindən daha çox, münaqişənin növbəti mərhələlərinə hazırlıq üçün götürülən fasilələr — yəni “time out”lar kimi qiymətləndirilə bilər.
Analitik təhlil| Novruzəli YUSUBZADƏ