İlham Əliyev: “Türk dünyası bizim ailəmizdir, başqa ailəmiz yoxdur”

Prezident İlham Əliyev Bakıda TDT ölkələrinin hökumət başçıları ilə görüşdə Türk Dövlətləri Təşkilatının Azərbaycanın xarici siyasətində prioritet olduğunu bildirib, Zəngəzur dəhlizi və iqtisadi əməkdaşlıqla bağlı vacib mesajlar verib. 

32

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 2-də Bakıda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin hökumət başçıları və vitse-prezidentinin görüşü iştirakçılarını qəbul edib.

Görüşdə Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz, Özbəkistanın Baş naziri Abdulla Aripov, Qazaxıstanın Baş naziri Oljas Bektenov, Qırğızıstan Nazirlər Kabinetinin sədri Adılbek Kasımaliyev, Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Nökərqulu Ataqulıyev, Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstel və TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev iştirak ediblər.

Dövlət başçısı çıxışında bildirib ki, Türk Dövlətləri Təşkilatının inkişafı Azərbaycanın xarici siyasətində prioritet istiqamətlərdən biridir. İlham Əliyev vurğulayıb ki, “Türk dünyası bizim ailəmizdir, bizim başqa ailəmiz yoxdur” və təşkilatın gələcəkdə dünya miqyasında aparıcı beynəlxalq qurumlardan birinə çevrilməsi üçün birliyin daha da möhkəmləndirilməsinin vacib olduğunu deyib.

Prezident həmçinin iqtisadi əməkdaşlığın genişləndirilməsini əsas prioritetlərdən biri kimi göstərib. Onun sözlərinə görə, Azərbaycan Türk Dövlətləri Təşkilatına üzv ölkələrin iqtisadiyyatına 20 milyard dollardan çox sərmayə yatırıb, Özbəkistan, Qazaxıstan və Qırğızıstanla birgə investisiya fondları yaradılıb. İlham Əliyev Qarabağın bərpasına qardaş ölkələrin verdiyi dəstəyi də xüsusi qeyd edib.

Çıxışda nəqliyyat və logistika sahəsi ayrıca vurğulanıb. Prezident bildirib ki, Orta Dəhliz, Trans-Xəzər marşrutu və Zəngəzur dəhlizi mövcud geosiyasi şəraitdə daha böyük önəm daşıyır. Onun sözlərinə görə, Azərbaycan hissəsində Zəngəzur dəhlizi üzrə avtomobil yolunun təxminən 90 faizi, dəmir yolunun isə 70 faizi hazırdır, layihənin ilk mərhələdə illik 15 milyon ton yükdaşıma imkanına malik olması nəzərdə tutulur.

Bakıda keçirilən ikinci toplantının yekununda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin hökumət başçıları və vitse-prezidentləri birgə bəyanat da qəbul ediblər. Sənəddə ticarət, investisiya, nəqliyyat, enerji və regional əməkdaşlığın gücləndirilməsi istiqamətində ortaq iradə bir daha təsdiqlənib.