Azərbaycan Milli Böyük Lojasından saxta e-poçt xəbərdarlığı

Azərbaycan Milli Böyük Lojası adından saxta məktublar göndərilərək pul tələb olunması ilə bağlı vətəndaşlara xəbərdarlıq edilib.

60

Azərbaycan Milli Böyük Lojası vətəndaşlara müraciət edərək sosial media hesabları vasitəsilə adından həyata keçirilən dələduzluq halları barədə xəbərdarlıq edib.

MSNews.az Azərbaycan Milli Böyük Lojasının rəsmi “Facebook” (eyni zamanda “Instagram“) səhifəsinə istinadən xəbər verir.

Qurumun yaydığı məlumata görə, son günlər bəzi şəxslər tərəfindən vətəndaşlara saxta məktublar göndərilir və müxtəlif bəhanələrlə pul vəsaiti tələb olunur. Bu cür hallarla bağlı təşkilata müraciətlər daxil olub.

Bildirilib ki, dələduzlar grandlodgeofazerbaijan@gmail.com elektron poçt ünvanından istifadə edərək insanlarla əlaqə saxlayır, guya təşkilata qəbul, reqaliya, üzük və digər atributların əldə edilməsi adı ilə pul tələb edirlər.

Azərbaycan Milli Böyük Lojası vurğulayıb ki, bu fəaliyyətlərin qurumla heç bir əlaqəsi yoxdur və sözügedən yazışmalar tamamilə saxtadır.

Açıqlamada qeyd olunub ki, təşkilat yalnız rəsmi kommunikasiya kanalları vasitəsilə fəaliyyət göstərir və qeyri-rəsmi e-poçt ünvanlarından göndərilən məktublar quruma aid deyil.

Qurum vətəndaşlara naməlum mənbələrdən gələn bu cür müraciətlərə etibar etməməyi, şəxsi məlumatlarını və maliyyə vəsaitlərini təqdim etməməyi tövsiyə edib.

Həmçinin bildirilib ki, Azərbaycan Milli Böyük Lojası ilə əlaqə yalnız rəsmi veb-sayt və rəsmi sosial şəbəkə hesabları vasitəsilə mümkündür.