Rusiyanın pilotsuz aviasiya sistemləri sahəsində əsas şirkətlərindən biri sayılan “Gələcəyin Nəqliyyatı” MMC-nin keçmiş baş direktoru Yuri Kozarenko Belqorodda həbs edilib.
“Kommersant”–ın məlumatına görə, Sverdlovsk rayon məhkəməsi Kozarenkonun barəsində həbs qətimkan tədbiri seçib, Belqorod vilayət məhkəməsi isə müdafiə tərəfinin apellyasiya şikayətini təmin etməyib. Ona qarşı xüsusilə külli miqdarda dələduzluq ittihamı irəli sürülüb.

Məlumata əsasən, cinayət işinin istintaqı Belqorod vilayəti üzrə Daxili İşlər Nazirliyi tərəfindən aparılır. İşin detalları hələ açıqlanmayıb. Rusiya mediası yazır ki, ittiham Rusiya Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi ilə araşdırılır və bu maddə üzrə maksimum cəza 10 ilə qədər azadlıqdan məhrumetmədir.
Yuri Kozarenko 2022-ci ildə “Gələcəyin Nəqliyyatı” şirkətinə rəhbərlik etməyə başlayıb. Şirkət Tolyattidə yerləşir və Rusiyanın milli “Pilotsuz Aviasiya Sistemləri” layihəsinin fəal iştirakçılarından biri kimi təqdim olunur. 2023-cü ildə şirkət Samara vilayətindəki “Tolyatti” xüsusi iqtisadi zonasında pilotsuz aviasiya sistemlərinin istehsalı üzrə zavodun birinci mərhələsini işə salıb.

Kozarenko bu ilin əvvəlində Rusiya Prezidenti Vladimir Putinin Samaradakı pilotsuz aviasiya sistemləri üzrə elmi-istehsalat mərkəzinə səfəri zamanı diqqət mərkəzinə düşmüşdü. TASS-ın məlumatına görə, həmin səfər zamanı Kozarenko və “Samara” BİS Elmi-İstehsalat Mərkəzinin rəhbəri Konstantin Yaşin Putinə mərkəzin rezident innovatorlar üçün ümumi istifadə infrastrukturu kimi fəaliyyət göstərdiyini təqdim etmişdilər.
Kozarenko həmçinin Samara vilayətində regional dron mərkəzinin yaradılması üzrə qubernatorun ictimai əsaslarla müşaviri vəzifəsini icra edib. Yerli mənbələrin məlumatına görə, o, 2022-ci ilin mayından 2026-cı ilin martına qədər “Gələcəyin Nəqliyyatı”na rəhbərlik edib.
“Gələcəyin Nəqliyyatı” Rusiya dron sənayesində yalnız pilotsuz aparatların istehsalı ilə deyil, həm də onlar üçün akkumulyator texnologiyaları və R&D infrastrukturu ilə bağlı layihələrlə gündəmə gəlib. Samara mediası yazırdı ki, şirkət Tolyattidə pilotsuz aparatlar üçün litium-ion akkumulyator istehsalına start verib, bu istiqamətdə investisiyanın həcmi 1,3 milyard rubl təşkil edib.
Kozarenkonun həbsi Rusiyada strateji əhəmiyyət daşıyan dron sənayesi ətrafında diqqətçəkən hadisə kimi qiymətləndirilir. Çünki söhbət həm dövlətin milli texnoloji layihələrində iştirak edən, həm də prezident səviyyəsində təqdim olunan şirkətin keçmiş rəhbərindən gedir. Bununla belə, cinayət işinin konkret epizodları açıqlanmadığı üçün ittihamların şirkətin istehsal fəaliyyəti, dövlət layihələri və ya başqa kommersiya əməliyyatları ilə bağlı olub-olmadığı hələ məlum deyil.