ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuper İranın son həftələrdə regionda mülki infrastrukturu qəsdən hədəfə aldığını bildirib.
“Iran International”ın martın 23-də yayımladığı müsahibədə Kuper deyib ki, Tehran “ümidsizlik içində” hərəkət edir və bu, İranın hərbi potensialının aşınmasının göstəricisidir. Onun sözlərinə görə, son iki həftə ərzində mülki hədəflərə 300-dən çox hücum qeydə alınıb.
Kuper bildirib ki, münaqişənin əvvəlində İran eyni vaxtda onlarla dron və raket buraxırdı, lakin hazırda bu miqyas xeyli azalıb. Admiralın sözlərinə görə, indi hücumlar əsasən tək-tək, bir və ya iki vasitə ilə həyata keçirilir. O, bunu Tehranın zərbə imkanlarının zəifləməsi ilə əlaqələndirib.
CENTCOM rəhbəri əlavə edib ki, ABŞ-ın İranın hərbi potensialını zəiflətməyə yönəlmiş əməliyyatları plan üzrə və ya qrafikdən daha irəli gedir. Onun fikrincə, məqsəd yalnız hazırkı təhlükələri neytrallaşdırmaq deyil, həm də gələcək risklərin qarşısını almaqdır. Kuper eyni zamanda bildirib ki, İran müharibəni istədiyi an dayandıra bilər.
Müsahibədə İsrailin rolu da xüsusi vurğulanıb. Kuperin sözlərinə görə, İsrail ABŞ və ərəb tərəfdaşları ilə koordinasiyada Fars körfəzi ölkələrinə yönəlmiş dron və ballistik raketlərin qarşısını almaqda fəal iştirak edir.
Qeyd edək ki, bu açıqlamalar ABŞ hərbi rəhbərliyinin qiymətləndirməsidir. İran tərəfi isə öz hərbi imkanlarının zəiflədiyi barədə iddiaları rədd edir və uzunmüddətli müqavimət göstərəcəyini bəyan edir.