Bakıda “Milli Mədəniyyət və Yaradıcılıq” şənliyi keçirildi

Bakıda ATGTİ-nin təşkilatçılığı ilə keçirilən “Milli Mədəniyyət və Yaradıcılıq” şənliyində 1500-dən çox tələbə iştirak edib.

89

19 mart 2026-cı il tarixində Bakıda Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə “Milli Mədəniyyət və Yaradıcılıq” adlı genişmiqyaslı şənlik keçirilib. Tədbir paytaxtın Dənizkənarı Milli Park ərazisində yerləşən “Hayal Kahvesi Baku” məkanında baş tutub.

Novruz bayramına həsr olunan tədbirdə 1500-dən çox tələbə və gənc iştirak edib. Şənlik müxtəlif ali və orta ixtisas təhsil müəssisələrindən olan tələbələri bir araya gətirərək milli dəyərlərin, həmrəyliyin və birlik ruhunun təcəssümünə çevrilib.

Tədbirin rəsmi açılış mərasimində çıxış edən ATGTİ sədri Rəşad Zeynalov bildirib ki, bu cür təşəbbüslər gənclərin sosial fəallığının artırılması və milli kimliyə bağlı ruhda formalaşması baxımından xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, dövlət tərəfindən gənclərə göstərilən dəstək bu kimi layihələrdə aydın şəkildə özünü göstərir.

Rəsmi hissədən sonra şənliyin bədii proqramı təqdim olunub. Müxtəlif rəqs kompozisiyaları, DJ performansları və konsert proqramı iştirakçılara bayram ab-havası yaşadıb. Tanınmış ifaçıların çıxışları isə tədbirə xüsusi rəng qatıb.

Bununla yanaşı, iştirakçılar üçün intellektual oyunlar, viktorinalar və əyləncəli yarışlar təşkil edilib. Tədbir çərçivəsində CreART proqramı üzrə fəallığı ilə seçilən gənclər də mükafatlandırılıb.

“Milli Mədəniyyət və Yaradıcılıq” şənliyi bir daha göstərib ki, Azərbaycanda tələbə-gənclər üçün yaradılan imkanlar onların yaradıcı, fəal və məsuliyyətli fərdlər kimi formalaşmasında mühüm rol oynayır.

 

Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
24 mart 2026