ABŞ İran neftinin satışına müvəqqəti icazə verdi

ABŞ İran neftinin satışına məhdud və müvəqqəti icazə verib. Qərar nəticəsində bazara 140 milyon barel neft daxil ola bilər.

20

ABŞ administrasiyası İran nefti ilə bağlı diqqətçəkən qərar qəbul edib. Vaşinqton, sanksiyalara baxmayaraq, İran mənşəli neftin satışına məhdud və müvəqqəti icazə verib.

ABŞ Maliyyə naziri Skott Bessent bildirib ki, bu qərar çərçivəsində yalnız artıq tankerlərə yüklənmiş və dənizdə daşınma mərhələsində olan İran neftinin satışına icazə verilir. Yeni istehsal, yeni müqavilələr və əlavə ixrac əməliyyatları isə bu qərarın əhatə dairəsinə daxil deyil.

Qərar 20 mart tarixindən qüvvəyə minib və qısa müddət – təxminən bir ay (19 aprelədək) qüvvədə qalacaq.

ABŞ tərəfi bu addımı qlobal enerji bazarında yaranmış gərginliyi azaltmaq və artan neft qiymətlərini sabitləşdirmək məqsədilə atdığını açıqlayıb. Məlumata görə, bu qərar nəticəsində təxminən 140 milyon barel İran nefti qlobal bazara daxil ola bilər.

Vaşinqton eyni zamanda, vurğulayıb ki, bu addım İranla bağlı ümumi sanksiya siyasətinin yumşaldılması anlamına gəlmir. ABŞ administrasiyası Tehrana qarşı iqtisadi təzyiqin davam etdiriləcəyini və əldə edilən gəlirlərin istifadəsinə də məhdudiyyətlərin tətbiq olunacağını bildirib.

Analitiklərin fikrincə, bu qərar bir tərəfdən enerji bazarındakı kəskin qiymət artımının qarşısını almağa yönəlib, digər tərəfdən isə İranın enerji kartından istifadə imkanlarını məhdudlaşdırmaq məqsədi daşıyır.

Ekspertlər qeyd edirlər ki, bu cür addımlar qısa müddətdə bazarda sabitlik yaratsa da, uzunmüddətli perspektivdə ABŞ-İran münasibətlərindəki gərginliyin davam edəcəyi gözlənilir.