Papikyan Karapetyanı sərt tənqid etdi: “Təhlükəsizlikdən danışmağa haqqı yoxdur”

Ermənistanın müdafiə naziri Suren Papikyan Samvel Karapetyanın bəyanatlarını sərt tənqid edib və onun ailəsinin hərbi xidmət məsələsini gündəmə gətirib.

25

Ermənistanın müdafiə naziri Suren Papikyan “Güclü Ermənistan” partiyasının lideri Samvel Karapetyanın son bəyanatlarını sərt şəkildə tənqid edib.

Nazir bildirib ki, Karapetyanın açıqlamaları ciddi qəbul ediləcək səviyyədə deyil: “Onun dediklərini şərh etmək çətindir, çünki bunun süni intellektin, yoxsa real insanın fikirləri olduğu belə aydın deyil”.

Papikyan xüsusilə Karapetyanın təhlükəsizlik mövzularında çıxış etməsinə etiraz edib və onun ailə üzvlərinin hərbi xidmət keçmədiyini gündəmə gətirib. Nazir qeyd edib ki, Karapetyan əvvəlcə bu məsələyə aydınlıq gətirməli, yalnız bundan sonra milli təhlükəsizlik barədə danışmalıdır.

Onun sözlərinə görə, Karapetyanın oğullarının 27 yaşına qədər harada olduqları və niyə hərbi xidmət keçmədikləri ictimaiyyətə izah edilməlidir. Papikyan vurğulayıb ki, həmin şəxslər Ermənistan vətəndaşı olduqları halda orduda xidmət etməyiblər və bu, hüquqi baxımdan araşdırılmalı məsələdir.

Nazir istintaq orqanlarına da çağırış edərək sual edib ki, niyə hərbi xidmətdən yayınma halları ilə bağlı cinayət işləri açılmayıb və bu şəxslər axtarışa verilməyib.

Papikyan çıxışında mediaya da toxunub və jurnalistləri “manipulyasiyalara uymamağa” çağırıb. O bildirib ki, bəzi media qurumları cəmiyyət üçün həssas mövzulardan istifadə edərək yanlış informasiya yayır.

Nazirin fikrincə, Ermənistan cəmiyyətində hələ də ənənəvi düşüncə qalmaqdadır və bəzi insanlar mediada yayılan hər məlumatı doğru hesab edir. Bu isə onun sözlərinə görə, “hibrid müharibə” şəraitində təhlükəli tendensiya yaradır.