İran üstün mövqeyə yaxınlaşır, Tramp isə daxili və xarici təzyiq altındadır

"Atlantic Council" və nüfuzlu Qərb nəşrləri İranın münaqişədə mövqeyinin gücləndiyini, Donald Trampın isə həm daxili, həm də xarici təzyiqlərlə üzləşdiyini yazır.

25

Qərb analitik mərkəzləri və nüfuzlu nəşrlər İran ilə bağlı münaqişənin gedişi və Donald Trump administrasiyasının mövqeyi barədə diqqətçəkən qiymətləndirmələr yayıb.

“Atlantic Council”in İran üzrə strateji layihəsinin direktoru Neyt Suini bildirib ki, hazırkı vəziyyətdə sülh danışıqlarının şərtlərini Tehran müəyyən edə bilər. Onun sözlərinə görə, ABŞ prezidenti mümkün qədər tez qələbə elan etməyə çalışır.

“Foreign Affairs” nəşri yazır ki, İranın silahlı qüvvələri ciddi şəkildə zəifləsə də, ölkə hələ də uzunmüddətli, tükəndirici müharibəni davam etdirmək üçün kifayət qədər resurslara malikdir. Nəşr hesab edir ki, Vaşinqtonun əsas məqsədlərindən biri olan rejim dəyişikliyi real görünmür.

Eyni zamanda, “The Guardian” qəzeti ABŞ ilə İsrail arasında fikir ayrılıqlarının dərinləşdiyini yazır. Bildirilir ki, İsrailin Cənubi Pars qaz yatağına zərbə endirməsi Vaşinqton–Təl-Əviv xəttində gərginliyi artırıb. Tramp bu əməliyyat barədə məlumatı olmadığını desə də, İsrail rəsmiləri bu iddianı təkzib edərək ABŞ-ın əvvəlcədən məlumatlı olduğunu bildiriblər.

Tramp üçün problemlər yalnız xarici siyasətlə məhdudlaşmır. “Vanity Fair” jurnalına danışan administrasiya rəhbəri Syuzan Uayls onun qərarvermə tərzini sərt tənqid edib. O, Trampın “özünü yanılmaz hesab edən” və “hakimiyyət sərxoşluğu yaşayan” bir lider kimi davrandığını qeyd edib və bu xüsusiyyətlərin xüsusilə İranla bağlı qərarlarda özünü göstərdiyini vurğulayıb.

Digər tərəfdən, “The Wall Street Journal” yazır ki, Tehranda davamlı hücumlar nəticəsində daxili gərginlik artsa da, hakimiyyət mexanizminin tam dağılması hələ baş verməyib. Analitiklər hesab edir ki, İran rejimi daxili xaosdan qaçmaq üçün müəyyən mərhələdə atəşkəsə razı ola bilər.

Məlumatlı mənbələrə istinad edən analitik Deyvid İqnatius isə qeyd edir ki, əgər İran danışıqlara razılıq versə, ABŞ üç əsas şərt irəli sürə bilər: Hörmüz boğazında sərbəst gəmiçilik təmin olunmalı, zənginləşdirilmiş uran ehtiyatları ya ölkədən çıxarılmalı, ya da məhv edilməli və Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) müfəttişlərinə tam giriş icazəsi verilməlidir.