Parlamentli monarxiya ilə idarə olunan İspaniyanın kralı VI Felipe ispanların Amerika qitəsini fəthi zamanı ciddi sui-istifadələrin baş verdiyini etiraf edib.
Madrid şəhərində keçirilən tədbirdə çıxış edən kral, Xristofor Kolumbun 1492-ci ildə Amerika qitəsinə səfərindən sonra başlayan proseslərə toxunaraq bildirib ki, həmin dövrdə baş verən hadisələr bugünkü dəyərlərlə qiymətləndirildikdə qürur doğurmur. Onun sözlərinə görə, “Amerikanın fəthi zamanı çoxlu sui-istifadələrin olduğu faktı qəbul edilməlidir”.
Kral bu fikirləri Kuirino Ordas Koppel ilə Milli Arxeologiya Muzeyində keçirilən “Yerli Meksikada qadınlar” sərgisinə baxış zamanı səsləndirib. O qeyd edib ki, həmin dövrdə gücün necə istifadə edildiyi ilə bağlı etik və mənəvi müzakirələr artıq o zamandan mövcud olub və bu tarix “obyektiv və diqqətli şəkildə” təhlil edilməlidir.
Son illərdə Meksika başda olmaqla bir sıra Latın Amerikası ölkələri İspaniyadan fəth dövründə yerli xalqlara qarşı törədilən zorakılıqlara görə rəsmi üzr gözlədiklərini bildirirlər. Meksikanın hazırkı prezidenti Klaudiya Şeynbaum və keçmiş dövlət başçısı Andres Manuel Lopez Obrador də bu tələbi dəfələrlə gündəmə gətiriblər.
Qeyd edək ki, bu məsələ iki ölkə arasında diplomatik münasibətlərdə müəyyən gərginlik yaradıb. Belə ki, Şeynbaum 2024-cü ildə keçirilən andiçmə mərasiminə İspaniya kralını dəvət etməmiş, Madrid isə buna cavab olaraq tədbirə rəsmi nümayəndə göndərməmişdi.
Bununla belə, tərəflər arasında münasibətlərin normallaşdırılması istiqamətində addımlar da atılıb. İspaniyanın xarici işlər naziri Xose Manuel Albares 2025-ci ildə çıxışında Meksikanın yerli xalqlarına qarşı tarixi ədalətsizliklərin mövcudluğunu qəbul edərək, bunun etiraf edilməsinin vacibliyini vurğulamışdı. Bu açıqlama Meksika rəhbərliyi tərəfindən “mühüm addım” kimi qiymətləndirilib.