Niyə “Z” nəsli erkən pensiyaya hazırlaşır?

"Z" nəsli nümayəndələri erkən pensiya üçün qənaət və investisiyaya daha tez başlayır. Ekspertlər indeks fondlarına uzunmüddətli investisiyanın sərvət yaratmaqda effektiv olduğunu deyir.

30

Son illər gənc nəsil – xüsusilə də “Z” nəsli nümayəndələri – maliyyə planlamasına daha erkən başlayaraq 40 yaşlarında pensiyaya çıxmağı hədəfləyir. Mütəxəssislərin fikrincə, bu yanaşma uzunmüddətli investisiya strategiyaları və erkən qənaət vərdişləri ilə bağlıdır.

ABŞ-ın Boston şəhərində yaşayan 26 yaşlı maliyyə analitiki Rayan Louve bu tendensiyanın nümunələrindən biridir. Onun illik maaşı 85 min dollar olsa da, o hər ay 4 min dollardan çox vəsaiti pensiya fonduna yatırır və məqsədi 40 yaşlarında işləməyi dayandırmaqdır.

Rayan Louve

Rayan Love investisiya strategiyasını sadə saxlayır. O, riskli fərdi səhmlər əvəzinə əsasən “S&P 500” indeks fondlarına və ETF-lərə yatırım edir. Bu tip fondlar uzunmüddətli perspektivdə daha stabil hesab olunur. O, bazarın orta illik gəlirinin təxminən 10 faiz olduğunu qeyd etsə də, inflyasiyanı nəzərə alaraq hesablamalarını 7 faiz gəlir üzərində qurur.

Qənaət etməyi asanlaşdırmaq üçün Louve ailəsi ilə birlikdə yaşayır və kirayə xərclərindən yayınır. O, həmçinin siqaret və alkoqol istifadə etmir, 20 illik avtomobil sürür və daha sadə həyat tərzi seçir. Onun sözlərinə görə, bu seçimlər gələcəkdə daha çox azad vaxt qazanmaq üçündür.

Mütəxəssislər bildirir ki, bu yanaşma gənclər arasında getdikcə yayılır. 2025-ci il hesabatına görə, “Z” nəsli iş yerlərində pensiya planlarına orta hesabla 23 yaşında, “millennial” nəsli isə 28 yaşında qoşulmağa başlayır. Bu isə əvvəlki nəsillərlə müqayisədə təxminən 10 il daha erkən maliyyə planlaması deməkdir.

Maliyyə planlaşdırma üzrə mütəxəssis Şai Qotru hesab edir ki, gənclər üçün ən vacib məsələ maliyyə intizamıdır. Onun sözlərinə görə, uzunmüddətli sərvət yaratmaq üçün əsas addımlar bunlardır: gəlir və xərclərə nəzarət etmək, ehtiyat fondu yaratmaq, borcları minimum səviyyədə saxlamaq və müntəzəm investisiya etmək.

Ekspertlər əlavə edirlər ki, bəzi gənclər kriptovalyuta və opsion ticarəti kimi yüksək riskli investisiyalara maraq göstərsələr də, uzunmüddətli sərvət yaratmaq üçün ən effektiv üsul şaxələndirilmiş indeks fondlarına davamlı yatırım etməkdir.