Braziliya futbolunun “Qızıl Oğlan”ı – Kaka

"Ballon d'Or" sahibi Kakanın həyatı, futbol karyerası, Milan və Real Madrid dövrü, Braziliya millisi ilə qazandığı uğurlar və humanitar fəaliyyəti haqqında qısa hekayə.

41

Braziliya futbol tarixində texnika, intellekt və təvazökarlığın nadir vəhdətini təcəssüm etdirən futbolçulardan biri də Rikardo İzekson dos Santos Leyte – futbol dünyasında tanınan adı ilə Kakadır. Onun həyatı təkcə idman uğurları ilə deyil, həm də çətin sınaqlardan keçərək zirvəyə yüksəlməsi ilə yadda qalıb.

Rikardo İzekson dos Santos Leyte 22 aprel 1982-ci ildə Braziliyanın Qama şəhərində, maddi vəziyyəti yaxşı olan bir ailədə dünyaya gəlib. Atası Bosko İzekson Pereyra Leyte inşaat mühəndisi, anası Simona dos Santos isə ibtidai sinif müəllimi idi. Ailəsinin imkanları sayəsində o, həm təhsilə, həm də idmana paralel şəkildə vaxt ayıra bilirdi.

Kaka” ləqəbi isə uşaqlıqdan yaranıb. Kiçik qardaşı Rikardonun adını düzgün tələffüz edə bilmədiyi üçün ona “Caca” deyirdi və zamanla bu ad “Kaká” formasında məşhurlaşdı.

Kakanın futbol karyerası 8 yaşında yerli Alfaville klubunda başladı. Uşaq vaxtı tennislə də məşğul olsa da, 15 yaşında “San-Paulu” klubu ilə müqavilə imzaladıqdan sonra futbolu əsas peşəsi kimi seçdi.

Onun həyatında dönüş nöqtələrindən biri 18 yaşında baş verdi. Kaka hovuzda uğursuz yıxılaraq onurğa sütunundan ağır zədə aldı. Həkimlər bu zədənin onun karyerasını bitirə biləcəyini, hətta ömürlük əlil qalma riskinin olduğunu bildirmişdilər. Lakin o, gözləniləndən daha tez sağaldı. Kaka bu hadisəni Tanrının möcüzəsi kimi qəbul edir və həmin vaxtdan dərin dini inanca sahib olduğunu bildirir.

Bir müddət “Igreja Renascer em Cristo” (Məsihdə Dirçəliş Kilsəsi) adlı dini icmaya bağlı olub və gəlirinin on faizini bu təşkilata bağışlayıb. Lakin 2010-cu ildə kilsənin qurucularının vergi fırıldağına görə həbs olunmasından və kilsə binasının damının uçması nəticəsində insanların həlak olmasından sonra o və həyat yoldaşı bu dini icmanı tərk ediblər.

2003-cü ildə İtaliyanın məşhur “Milan” klubu Kakanı 8,5 milyon avroya transfer etdi. O, burada qısa müddətdə dünyanın ən yaxşı yarımmüdafiəçilərindən birinə çevrildi. Milanla birlikdə o, İtaliya A Seriyasını qazanıb,  UEFA Çempionlar Liqasının qalibi olub və  2007-ci ildə Ballon d’OrFİFA-nın “İlin futbolçusu” mükafatlarını aldı

2009-cu ildə Kaka rekord məbləğlərdən biri sayılan 65 milyon avroya “Real Madrid”ə transfer olundu. Bu, həmin dövr üçün futbol tarixinin ən bahalı ikinci transferi idi və yalnız Zinəddin Zidandan (75 milyon avro) geri qalırdı.

İspaniyada dörd mövsüm keçirdikdən sonra 2013-cü ildə yenidən Milan klubuna qayıtdı və burada karyerasının 100-cü qolunu vurdu.

Daha sonra o, ABŞ-ın “Orlando City” klubuna transfer olundu. ABŞ-da debüt oyununda qol vurmağı bacaran Kaka 2015-ci ildə MLS All-Star komandasına daxil edildi və liqanın ən dəyərli oyunçularından biri seçildi.

Braziliya millisi ilə uğurlar

Kaka Braziliya millisində 2002-ci ildə debüt etdi və həmin il Dünya Çempionatının qalibi olan heyətin üzvü oldu. O, həmçinin 2006 və 2010-cu il Dünya Çempionatlarında iştirak edib, 2005 və 2009-cu il Konfederasiya Kuboklarını qazanıb və həmçinin  2009-cu ildə turnirin ən yaxşı futbolçusu seçilib

Kaka yalnız meydandakı bacarığı ilə deyil, humanitar fəaliyyəti ilə də tanınır. 2004-cü ildə o, BMT-nin Ümumdünya Ərzaq Proqramının ən gənc səfiri oldu.

Onun sosial təsiri də diqqət çəkir. Kaka “Twitter”-də 10 milyon izləyici toplayan ilk idmançı kimi tarixə düşüb. 2008 və 2009-cu illərdə isə “Time” jurnalının “Dünyanın 100 ən nüfuzlu insanı” siyahısına daxil edilib.

Kaka futbol tarixində yalnız titulları ilə deyil, həm də təvazökar xarakteri, intellektual oyun üslubu və sosial fəaliyyəti ilə yadda qalan nadir ulduzlardan biridir.