Gümrüdəki 102-ci Rusiya hərbi bazası ətrafında gərginlik iddiaları yayılıb.
MSNews.az erməni “Telegram” kanallarına istinadən xəbər verir.
Ermənistanın Gümrü şəhərində yerləşən 102-ci Rusiya hərbi bazası ətrafında vəziyyətin gərginləşə biləcəyi ilə bağlı iddialar ortaya çıxıb. Məlumata görə, baza rəhbərliyi mümkün təxribat və hərbi eskalasiya ehtimalına görə təhlükəsizlik tədbirlərini gücləndirib.
İddialara əsasən, bazada hava hücumundan müdafiə sistemləri yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib, müşahidə imkanları genişləndirilib və mobil atəş qrupları gücləndirilib.
Bəzi mənbələr həmçinin Ermənistan tərəfinin hərbi koordinasiyanı məhdudlaşdırdığı barədə məlumat yayıb. Bildirilir ki, Ermənistanın radar sistemlərindən əldə olunan məlumatların birgə hava hücumundan müdafiə idarəetmə məntəqəsinə ötürülməsində problemlər yaranıb və bu, koordinasiya prosesini çətinləşdirir.
Məlumatlarda eyni zamanda regionda Ukrayna nömrə nişanlı yük maşınlarının sayının artdığı iddia olunur. Bununla yanaşı, pilotsuz uçuş aparatları ilə mümkün təxribat ssenarilərinin də istisna edilmədiyi qeyd edilir.
Bəzi ehtimallara görə, vurulan dronların yaşayış obyektlərinin üzərinə düşməsi informasiya mübahisəsi yaratmaq və siyasi gərginliyi artırmaq üçün istifadə oluna bilər.
Analitiklər hesab edirlər ki, belə bir ssenari baş verərsə, bu, Ermənistanda yerləşən Rusiya hərbi qüvvələrinin ölkədən çıxarılması ilə bağlı tələblərin yenidən gündəmə gəlməsinə səbəb ola bilər.
Qeyd edək ki, bu məlumatlar hələlik rəsmi qurumlar tərəfindən təsdiqlənməyib.