Azərbaycan Prezidenti İlham Əliyev bu gün İrəvanda keçirilən Avropa Siyasi Birliyinin VIII Sammitinə videobağlantı formatında qoşulacaq. Bu barədə “Trend” məlumat yayıb. Ermənistan mediası da Azərbaycan liderinin sammitdə məsafədən iştirak edəcəyini yazıb.
Sammit mayın 4-də Ermənistanın paytaxtında keçirilir. Avropa Şurasının rəsmi məlumatına görə, VIII Avropa Siyasi Birliyi Sammiti “Gələcəyi qurmaq: Avropada birlik və sabitlik” devizi altında təşkil olunub. Toplantıda demokratik dayanıqlılıq, nəqliyyat və kommunikasiya bağlantıları, iqtisadi və enerji təhlükəsizliyi, həmçinin dəyişən geosiyasi şəraitdə əməkdaşlıq məsələləri müzakirə olunur.
İrəvan sammiti Ermənistan üçün də mühüm diplomatik platforma hesab olunur. Toplantıdan sonra mayın 4-5-də ilk Aİ-Ermənistan sammitinin keçirilməsi planlaşdırılır. Avropa Şurasının məlumatına görə, həmin görüşdə Avropa İttifaqını Avropa Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen, Ermənistanı isə Baş nazir Nikol Paşinyan təmsil edəcək.
Sammitə Avropa ölkələrinin liderləri, Aİ rəsmiləri və beynəlxalq təşkilatların nümayəndələri qatılır. “The Guardian” yazır ki, İrəvanda keçirilən toplantı Ermənistanın Qərblə əlaqələrinin dərinləşməsi və regionda yeni geosiyasi balans axtarışları fonunda xüsusi əhəmiyyət daşıyır.