Epşteyn sənədləri: “4chan” istifadəçisi ölümü rəsmi açıqlamadan əvvəl paylaşıb

ABŞ Ədliyyə Nazirliyinin açıqladığı Epstein sənədlərində "4chan" forumunda anonim istifadəçinin Ceffri Epşteynin ölümünü rəsmi açıqlamadan 30 dəqiqə əvvəl yazdığı ortaya çıxıb.

44

ABŞ-da mərhum maliyyəçi Ceffri Epşteynlə bağlı açıqlanan yeni sənədlər onun ölümü ilə əlaqədar diqqətçəkən detalı üzə çıxarıb. Sənədlərə görə,4chan adlı onlayn forumda anonim istifadəçi Epşteynin ölümünü rəsmi açıqlamadan təxminən 30 dəqiqə əvvəl paylaşıb.

ABŞ Ədliyyə Nazirliyinin istintaq materiallarında yer alan məlumata əsasən, istifadəçi paylaşımında “Necə bildiyimi soruşmayın, amma Epşteyn bir saat əvvəl özünü asaraq və ürəyi dayanaraq öldü” ifadələrini işlədib. Həmin paylaşımın yayılmasından dörd gün sonra nazirlik “4chan” platformasına istifadəçinin IP ünvanının təqdim olunması tələbi ilə məhkəmə çağırışı göndərib.

Sənədlərdə göstərilir ki, “4chan” rəhbərliyi istifadəçinin kimliyini müəyyənləşdirmək üçün telekommunikasiya şirkəti “AT&T”yə müraciət edib. Lakin şirkət simsiz dinamik IP ünvanlarına dair qeydləri saxlamadığı üçün konkret istifadəçini müəyyənləşdirmək mümkün olmayıb.

Ədliyyə Nazirliyinin digər hesabatında bildirilir ki, hökumət “4chan” paylaşımı ilə bağlı əldə edilən bütün qeydləri təqdim edib, lakin dinamik IP istifadəsi səbəbindən paylaşım müəllifinin şəxsiyyəti təsdiqlənməyib.

Sosial mediada müzakirələrə səbəb olan başqa bir sənəddə isə Epşteynin 10 avqust 2019-cu ildə saxlanıldığı “Manhattan Metropolitan Correctional Center”də növbədə olan həbsxana əməkdaşının anonim forum paylaşımı ilə üst-üstə düşən ifadələr yer alıb. İddialara görə, Roberto Grijalva adlı əməkdaşın yazdığı şərh rəsmi hesabatdakı mətnlə eyni olub. Həmin sənəddə Grijalvanın Epşteynin ölümündən bir gün əvvəl növbədə olduğu göstərilir.

Məlumatların açıqlanması Epşteynin ölümü ilə bağlı illərdir davam edən mübahisə və sui-qəsd nəzəriyyələrini yenidən gündəmə gətirib. Rəsmi qurumlar isə indiyədək ölümün intihar olduğunu bildirirlər.