Bosniya və Herseqovinada serb siyasi fiqur Milorad Dodikin separatçı bəyanatları ölkədə konstitusion quruluş ətrafında yeni müzakirələrə səbəb olub.
Bosniya və Herseqovinanın iki entitetindən biri olan Serb Respublikasında vəzifəsindən uzaqlaşdırılmış sabiq prezident Milorad Dodikin İsrail və ABŞ səfərləri zamanı səsləndirdiyi müstəqillik çağırışları və müsəlman icmasını hədəf alan açıqlamaları ölkənin suverenliyi və ərazi bütövlüyü baxımından riskli addım kimi qiymətləndirilir.
Sarayevoda fəaliyyət göstərən Beynəlxalq Sarayevo Universitetinin Siyasi elmlər və beynəlxalq münasibətlər bölməsinin müəllimləri Hamza Preljeviç və Mustafa Krupalija bildiriblər ki, Dodikin çıxışları Bosniya və Herseqovina Konstitusiyasına açıq ziddir və dövlət institutlarının legitimliyini sarsıtmağa yönəlib. Onların fikrincə, Dodikin rəsmi səlahiyyəti olmadan beynəlxalq səviyyədə təmaslar aparması entitetin müstəqil aktor kimi təqdim olunmasına xidmət edir və bu, konstitusion əsasları zəiflədən təhlükəli presedent yaradır.
Ekspertlər qeyd edirlər ki, Dodik İsraildə və ABŞ-da keçirdiyi görüşlərdə Serb Respublikasının müstəqilliyi məsələsini gündəmə gətirməklə yanaşı, daxili siyasi mübahisələri qlobal təhlükəsizlik narrativi ilə əlaqələndirməyə çalışıb. Xüsusilə, müsəlmanları və boşnakları “radikal təhlükə” kimi təqdim edən ritorikanın həm islamofob zəmin formalaşdırdığı, həm də ayrılıqçı gündəmə beynəlxalq dəstək qazandırmağa hesablandığı vurğulanır.
Siyasi analitiklərin qənaətinə görə, Dodikin bu diplomatik fəallığı, eyni zamanda, ona qarşı aparılan hüquqi proseslər fonunda beynəlxalq legitimlik axtarışı kimi də dəyərləndirilə bilər. Onlar hesab edirlər ki, bu strategiya Bosniya və Herseqovinanın konstitusion nizamını beynəlxalq müstəviyə daşıyaraq Serb Respublikasını faktiki müstəqil subyekt kimi təqdim etməyə yönəlib.
Qeyd edək ki, Dodik daha əvvəl 1992–1995-ci illər müharibəsini başa çatdıran Dayton Sülh Sazişindən sonra yaradılmış Ali Nümayəndəlik Ofisini və Ali nümayəndə Kristian Şmidti tanımadığını açıqlamışdı. 2023-cü ildə Serb Respublikası Milli Assambleyasında qəbul edilən və Ali nümayəndənin qərarlarının entitetin rəsmi qəzetində dərc olunmamasını nəzərdə tutan qərar Şmidt tərəfindən ləğv edilmişdi.
Separatçı bəyanatlarını davam etdirməsi səbəbilə Dodik barəsində “Ali Nümayəndəliyin qərarlarına hörmətsizlik” ittihamı ilə cinayət işi açılıb. 2023-cü ilin dekabrında başlayan məhkəmə prosesinin nəticəsi olaraq ona 1 il həbs və 6 il siyasi fəaliyyət qadağası cəzası verilib, həbs cəzası sonradan cərimə ilə əvəzlənib. Bosniya və Herseqovina Mərkəzi Seçki Komissiyası isə 6 illik siyasi qadağa qərarına əsasən Dodiki Serb Respublikası prezidentliyi vəzifəsindən uzaqlaşdırıb.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, mövcud proses təkcə fərdi siyasi mübarizə deyil, həm də Bosniya və Herseqovinanın ərazi bütövlüyünü və konstitusion əsaslarını hədəf alan daha geniş siyasi layihənin tərkib hissəsi kimi qiymətləndirilməlidir.