Venesuela ABŞ-dan bütün sanksiyaların ləğvini tələb edir

Venesuelanın müvəqqəti prezidenti Delsi Rodriqes ABŞ-ni dost adlandıraraq ölkəsinə qarşı tətbiq olunan bütün sanksiya və blokadaların dərhal aradan qaldırılmasını istəyib.

48

Venesuelanın müvəqqəti dövlət başçısı Delsi Rodrigez ABŞ-ni “dost və tərəfdaş” adlandıraraq ölkəsinə qarşı illərdir tətbiq olunan bütün sanksiya və iqtisadi blokadaların dərhal ləğv edilməsinə çağırıb.

Paytaxt Karakasda yerləşən “Teatro Teresa Carreño“da gənc fəallarla keçirilən tədbirdə çıxış edən Rodriqes, ABŞ Prezidenti Donald Trampa birbaşa müraciət edib. O bildirib ki, yeni əməkdaşlıq mərhələsinin başlandığı bir vaxtda sanksiyaların davam etməsi Venesuela xalqına, xüsusilə də, gənclərə qarşı ədalətsizlikdir.

Rodriqes Trampın Venesuela ilə bağlı müsbət fikirlərinə görə təşəkkür edərək qeyd edib ki, ölkəsi heç vaxt ABŞ-ni və ya başqa bir dövləti təhdid etməyib və hər zaman qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıq xəttini müdafiə edib.

Çıxışı zamanı o, Venesuela Prezidenti Nikolas Maduro və onun həyat yoldaşı Silia Floresin yanvarın 3-də ABŞ tərəfindən saxlanılmasına da toxunaraq, “Bu il bizim üçün pis başlanğıcla başladı” deyə vurğulayıb. Tədbirdə Maduronun oğlu Nikolas Maduro Guerranın da Rodriqesi müşayiət etdiyi bildirilib.

Xatırladaq ki, yanvarın 3-də Karakasda partlayış səsləri eşidilmiş, Venesuela hakimiyyəti baş verən hadisələrdə ABŞ-ni ölkənin müxtəlif bölgələrində mülki və hərbi obyektlərə hücum təşkil etməkdə ittiham etmişdi. ABŞ Prezidenti Donald Tramp isə Venesuelada genişmiqyaslı əməliyyat keçirildiyini, Prezident Maduro və həyat yoldaşının ölkə xaricinə çıxarıldığını açıqlamışdı. ABŞ Ədliyyə Nazirliyi Maduroya qarşı narkotik terrorizmi və digər ağır cinayətlər üzrə ittihamlar irəli sürüldüyünü bəyan etmişdi.

Venesuela hökuməti bu hadisələrlə bağlı beynəlxalq ictimaiyyəti ABŞ-ni qınamağa çağırıb, bəzi ölkələr hücumu tənqid etsə də, Vaşinqtonun mövqeyini dəstəkləyən açıqlamalar da səsləndirilib.