Tailand ordusu Kambocanı sərhəd bölgəsində qumbaraatanla atəş açmaqla atəşkəsi pozmaqda ittiham edib. Rəsmi açıqlamaya görə, hadisə zamanı Tailand hərbçiləri sərhəddə patrul xidməti həyata keçirərkən Kamboca tərəfdən 40 millimetrlik qumbaraatardan bir mərmi atılıb.
Tailand Krallıq Ordusunun “X” platformasında yaydığı bəyanatda bildirilir ki, insident nəticəsində xəsarət alan olmayıb. Bununla belə, rəsmi Banqkok 27 dekabr 2025-ci ildə əldə olunmuş atəşkəs razılaşmasının pozulduğunu iddia edir və ordunun angajman qaydalarına uyğun olaraq özünümüdafiə məqsədilə cavab verdiyini açıqlayıb.
Açıqlamada sərhəd bölgəsində təhlükəsizlik səviyyəsinin artırıldığı vurğulanıb. İlkin qiymətləndirməyə əsasən, hadisənin Kamboca hərbçilərinin rotasiyası zamanı baş verdiyi və “yeni şəxsi heyətin komanda-nəzarət protokollarına tam bələd olmaması” ilə bağlı ola biləcəyi ehtimal edilir.
Tailand ilə Kamboca arasında 817 kilometrlik sərhəd xətti mövcuddur və mübahisə XIX əsrin sonlarında, Kambocanın Fransa işğalı dövründə müəyyən edilmiş sərhədlərə dayanır.
İlk ciddi toqquşmalar 2008-ci ildə, Kambocanın mübahisəli ərazidə yerləşən XI əsrə aid məbədi UNESCO Dünya İrsi Siyahısına salmaq təşəbbüsündən sonra baş vermişdi.
28 may 2025-ci ildə sərhəd razılaşmasının pozulması fonunda qısa müddətli döyüşlər yaşanmış, iyul ayında yenidən alovlanan toqquşmalarda 32 nəfər həlak olmuşdu. 26 oktyabr 2025-ci ildə ABŞ Prezidenti Donald Trampın iştirakı ilə “sülh sazişi” imzalansa da, 7 dekabrda tərəflər arasında yenidən silahlı qarşıdurma başlamış və 900 mindən çox insan yerindən didərgin düşmüşdü.
24 dekabr 2025-ci ildə hərbi danışıqlar bərpa edilmiş, 27 dekabrda imzalanan “Ortaq Bəyanat” çərçivəsində dərhal atəşkəs elan olunduğu açıqlanmışdı. Son hadisə isə bölgədə vəziyyətin hələ də kövrək olduğunu göstərir.