ABŞ-da universitet illərində İslam dinini qəbul edən afro-amerikalı 33 yaşlı Şamika Pol həyat yolunun orta məktəb dövründə müəlliminin ona hədiyyə etdiyi bir kitabdan sonra dəyişdiyini bildirib.
Nyu-Yorkda doğulan Pol deyib ki, müəllimi ona “Niyə müsəlmanam?” adlı kitab verib və həmin kitabı oxuduqdan sonra İslam haqqında ciddi düşünməyə başlayıb. O zaman anasına müsəlman olmaq istədiyini desə də, anası onun bu qərar üçün hələ çox gənc olduğunu bildirib. Pol bu fikri bir müddət təxirə salsa da, daxilindəki marağın heç vaxt sönmədiyini vurğulayıb.
O, xristian ailəsində, lakin daha müasir mühitdə böyüdüyünü, kilsəyə davamlı getmədiklərini qeyd edib. Universitet illərində isə Müsəlman Tələbələr Birliyinə qoşulub, dini dərslər alıb və bir yay günü şəhadət gətirərək İslamı qəbul edib.
Pol bildirib ki, İslamı araşdırdıqca daxilində istilik və nur hiss edib. Onun sözlərinə görə, uşaqlıqdan bu dinə qarşı maraq hissi olub və İslamı öyrəndikcə qəlbində rahatlıq tapıb. Bir müddət kilsəyə də getdiyini, lakin son nəticədə İslamın “inkar edilə bilməyən bir həqiqət” olduğuna inandığını deyib.
Universiteti Nyu-York ştatının kiçik bir qəsəbəsində oxuduğunu deyən Pol orada özünü fərqli və qərib hiss etdiyini bildirib. Uşaqlarının da eyni təcrübəni yaşamasını istəmədiyi üçün daha uyğun mühit axtararaq Merilend ştatına köçüb.
O, xüsusilə “Diyanet Center of America” (Amerika Diyanət Mərkəzi) haqqında müsbət fikirlər səsləndirib və bu məscidin hər zaman qonaqpərvər olduğunu vurğulayıb. Pol bildirib ki, burada türk icması ilə səmimi qardaşlıq münasibətləri qurub və hətta bir qədər türk dili də öyrənib.
Pol hesab edir ki, müsəlmanların davranışı ətrafdakı insanlara ciddi təsir göstərir. Onun fikrincə, saf və səmimi münasibət İslam haqqında mənfi stereotipləri dəyişə bilər. O bildirib ki, bəzi insanların baxışları dəyişməsə də, dünya bir keçid məkanıdır və əsas məsələ insanın imanını qorumasıdır.
İki övladının – 11 və 7 yaşlı uşaqlarının – olduğunu deyən Pol onları da müsəlman kimi böyütməyə çalışdığını bildirib. Onun sözlərinə görə, bir dostunun “Uşaqlarına verə biləcəyin ən böyük hədiyyə müsəlman olmaqdır” fikri həyatında dönüş nöqtəsi olub.
Ramazan ayının onun üçün xüsusi və sevincli dövr olduğunu deyən Pol evlərini bəzədiyini, xüsusi yeməklər hazırladığını və bu ənənəni uşaqları üçün daha mənalı etməyə çalışdığını bildirib. O, fərqli mədəniyyətlər arasında ayrı-seçkiliyin olmamasının vacibliyini vurğulayıb və İslamın müxtəlif xalqları bir araya gətirən dəyər olduğunu qeyd edib.