Əfqanıstan: Pakistanın hava hücumları nəticəsində 18 nəfər həlak olub

Pakistanın Əfqanıstanın Nanqarhar və Paktika vilayətlərinə endirdiyi hava zərbələri nəticəsində 18 nəfər ölüb. Kabul suverenliyin pozulduğunu bildirərək cavab veriləcəyini açıqlayıb.

38

Əfqanıstan Pakistanın ölkə ərazisinə endirdiyi hava zərbələri nəticəsində azı 18 nəfərin həyatını itirdiyini açıqlayıb. Kabul rəsmiləri hücumların mülki yaşayış məntəqələrini hədəf aldığını bildirərək bunu ölkənin suverenliyinə açıq müdaxilə kimi qiymətləndiriblər.

Əfqanıstan Müdafiə Nazirliyinin yaydığı bəyanatda qeyd olunub ki, Pakistan hava məkanını pozaraq Nanqarhar və Paktika vilayətlərində zərbələr endirib. Hücumlar nəticəsində çoxlu sayda mülki şəxsin öldüyü və yaralandığı bildirilib. Rəsmi Kabul bu addımı beynəlxalq hüququn, qonşuluq prinsiplərinin və İslam dəyərlərinin pozulması kimi dəyərləndirib və “uyğun zamanda ölçülü cavab veriləcəyi” barədə xəbərdarlıq edib.

Əfqanıstan Qızıl Aypara Cəmiyyətinin Nanqarhar ofisinin rəhbəri Mövləvi Fazl Rəhman Fəyyaz da hücum nəticəsində 18 nəfərin həlak olduğunu, çox sayda insanın isə yaralandığını təsdiqləyib.

Pakistanın İnformasiya Nazirliyi isə son dövrlərdə ölkədə baş verən partlayışlardan sonra Əfqanıstanla sərhəd bölgəsində “terror düşərgəsi” adlandırdığı 7 nöqtəni hədəf aldığını açıqlayıb. Pakistan tərəfi xüsusilə Pakistan Talibanının (TTP) Əfqanıstan ərazisində mövqeləndiyini və hücumları buradan təşkil etdiyini iddia edir. Kabul isə bu ittihamları rədd edir.

Regionda təhlükəsizlik vəziyyəti uzun müddətdir gərgindir. Xüsusilə Pakistanın Xayber Paxtunxva və Bəlucistan əyalətlərində silahlı hücumlar intensivləşib. Bəlucistanda isə Bəlucistan Azadlıq Ordusunun (BLA) separatçı fəaliyyətləri ön plana çıxır.

Hadisə iki qonşu ölkə arasında onsuz da həssas olan münasibətləri daha da gərginləşdirə bilər.