Yaponiyada tərk edilən balaca meymun oyuncaq oranqutanla təsəlli tapdı

Yaponiyada anası tərəfindən tərk edilən makaka balası Punch, zooparkda oyuncaq oranqutanla təsəlli taparaq sosial medianın və ziyarətçilərin sevimlisinə çevrilib.

61

Yaponiyanın Tokio şəhəri yaxınlığında yerləşən “Ichikawa City Zoo” son günlər qeyri-adi və duyğusal bir hekayə ilə ziyarətçilərin diqqət mərkəzinə çevrilib. Zooparkda dünyaya gəldikdən qısa müddət sonra anası tərəfindən tərk edilən yapon makakası balası Punch, təsəlli və təhlükəsizlik hissini özündən böyük oyuncaq oranqutanda tapıb.

Reuters“-in məlumatına görə, Punch yeddi ay əvvəl doğulduqdan sonra anası onu tərk edib. Hadisəni fərq edən ziyarətçilərin xəbərdarlığından sonra zoopark əməkdaşları dərhal müdaxilə ediblər. Yapon makakası balalarının normalda analarına sıx bağlanaraq həm fiziki güc, həm də psixoloji güvən qazandığını bildirən baxıcı Kosuke Şikano, Punch üçün alternativ həll yolları axtarmağa başladıqlarını deyib.

Əvvəlcə bükülmüş dəsmallar və müxtəlif yumşaq oyuncaqlar sınaqdan keçirilsə də, nəticədə İsveç mebel brendi IKEA tərəfindən istehsal edilən, narıncı rəngli və uzun tüklü oyuncaq oranqutan seçilib. Şikano bildirib ki, oyuncağın uzun tükləri və asan tutulacaq hissələri Punch üçün əlverişlidir və meymuna bənzəməsi onun gələcəkdə digər makakalarla uyğunlaşmasına kömək edə bilər.

O gündən etibarən Punch demək olar ki, oyuncaq oranqutandan ayrılmır, onu zooparkın hər yerinə sürüyərək özü ilə gəzdirir. Sosial şəbəkələrdə yayılan görüntülər qısa zamanda viral olub və zooparka axını xeyli artırıb. Ziyarətçilər bu qeyri-adi dostluğu görmək üçün xüsusi olaraq Ichikavaya üz tuturlar.

Zooparka gələn 26 yaşlı tibb bacısı Miyu İqaraşi Punch-ın hekayəsinin onu dərindən təsirləndirdiyini deyərək bildirib ki, tərk edilməsinə baxmayaraq onun həyata tutunması çox duyğulandırıcıdır.

Zoopark əməkdaşlarının fikrincə, Punch-ın anası onu doğuşun baş verdiyi iyul ayında yaşanan ekstremal istilər səbəbindən tərk etmiş ola bilər. Hazırda balaca makaka digər meymunlarla ünsiyyətdə müəyyən çətinliklər yaşasa da, bu prosesin təbii olduğu və Punch-ın tədricən sürüyə uyğunlaşdığı qeyd olunur. Baxıcılar düşünür ki, bir gün Punch artıq oyuncaq dostuna ehtiyac duymayacaq, lakin hələlik bu oranqutan onun üçün həm ana, həm də təhlükəsizlik simvoludur.