Yaponiyada Takaiçi Sanae ölkənin 105-ci baş naziri seçildi

47

Yaponiyada hakim Liberal Demokrat Partiyasının (LDP) lideri Takaiçi Sanae erkən ümumi seçkilərdən sonra keçirilən parlament iclasında ölkənin 105-ci baş naziri seçilib. “Kyodo” agentliyinin məlumatına görə, parlament 8 fevralda yeni hökumət başçısını müəyyən etmək üçün toplanıb.

Baş nazirin seçilməsi ilə bağlı keçirilən səsvermədə Takaiçi 464 deputatdan 354-nün dəstəyini qazanaraq vəzifəsini qoruyub. Əsas müxalifətdə olan Mərkəzçi İslahat Alyansının lideri Oqava Junya isə 50 səs toplayıb.

Erkən ümumi seçkilərdə parlamentdə yerlərin üçdə ikisini qazanan Takaiçi Sanaenin yaxın günlərdə yeni hökumət kabinetinin tərkibini açıqlaması gözlənilir. Seçkilərin nəticələrinə əsasən, LDP parlamentdəki mandat sayını 198-dən 316-ya yüksəldərək konstitusiya dəyişiklikləri üçün zəruri olan 310 yer həddini keçib.

Qeyd olunur ki, Takaiçi əvvəlcə 2025-ci ilin oktyabrında LDP lideri seçilib, daha sonra parlament daxilində keçirilən səsvermə ilə Yaponiyanın tarixində ilk qadın baş naziri olub. Onun rəhbərliyi ilə partiya müharibədən sonrakı dövrdə parlamentdə üçdə iki çoxluq əldə edən ilk siyasi qüvvə kimi tarixə düşüb. 465 yerlik parlamentdə bu üstünlük qanunların qəbulu və konstitusiya dəyişiklikləri üçün geniş imkanlar yaradır.

64 yaşlı Takaiçi Sanae 1961-ci ilin martında Nara prefekturasının Yamatokoriyama şəhərində anadan olub. O, 1984-cü ildə Kobe Universitetinin Biznes fakültəsini bitirib, 1987-ci ildə isə ABŞ Konqresində bir üzvün ofisində çalışıb. 1989-cu ildə Matsuşita Hökumət və İdarəetmə İnstitutunu başa vuran Takaiçi bir müddət “TV Asahi” və “Fuji TV”-də aparıcı kimi fəaliyyət göstərib.

Takaiçi, “Panasonic” şirkətinin qurucusu Matsuşita Konosuke ilə görüşdən sonra siyasətə maraq göstərib və 1993-cü ildə müstəqil namizəd kimi ilk dəfə parlamentə seçilib. Sonradan LDP-yə qoşulan Takaiçi müxtəlif dövrlərdə Okinava və Şimal Əraziləri üzrə dövlət naziri, eləcə də daxili işlər və kommunikasiya naziri vəzifələrini icra edib.

O, həmçinin sabiq baş nazir Abe Şinzonun kabinetində və Kişida Fumio hökumətində iqtisadi təhlükəsizlik naziri kimi çalışıb. 30 ildən artıq siyasi karyerası ərzində Takaiçi 10 dəfə parlament üzvü seçilib.

Gənclik illərində “heavy metal” qrupunda zərb alətləri ifa edən Takaiçi Sanaenin yapon döyüş sənətlərinə maraq göstərdiyi və sualtı dalğıclığı sevdiyi bildirilir.