62-ci Münhen Təhlükəsizlik Konfransı davam edir

Almaniyada keçirilən 62-ci Münhen Təhlükəsizlik Konfransında ABŞ, Aİ, NATO və digər ölkələrin liderləri qlobal təhlükəsizlik, Ukrayna müharibəsi, transatlantik münasibətlər və müdafiə əməkdaşlığını müzakirə ediblər.

42

Almaniyada keçirilən 62-ci Münhen Təhlükəsizlik Konfransı (MSC) qlobal təhlükəsizlik sistemində artan qeyri-müəyyənlik və Ukraynadakı müharibənin kölgəsində işini davam etdirir. Dünyanın aparıcı siyasətçiləri, diplomatları və təhlükəsizlik ekspertlərini bir araya gətirən konfransda transatlantik münasibətlər, müdafiə strategiyaları və yeni qlobal çağırışlar əsas müzakirə mövzularıdır.

ABŞ dövlət katibi Marko Rubio “Dünyada ABŞ” adlı paneldə çıxış edərək bildirib ki, Prezident Donald Tramp administrasiyası ölkənin yenidən qurulması və qlobal liderlik rolunun möhkəmləndirilməsi istiqamətində addımlar atır. O, ABŞ və Avropa arasında dərin tarixi və mədəni bağların olduğunu vurğulayaraq, Vaşinqtonun Avropanın güclü olmasını istədiyini qeyd edib. Rubio həmçinin BMT-nin bir sıra münaqişələrin həllində yetərli rol oynaya bilmədiyini iddia edib və Ukrayna ilə bağlı danışıqların davam etdiyini bildirib.

Avropa Komissiyasının prezidenti Ursula von der Lyayen çıxışında Avropanın müdafiə və təhlükəsizlik sahəsində daha müstəqil olmasının vacibliyini vurğulayıb. O, 2025-ci ildən etibarən Aİ-də müdafiə xərclərinin Ukrayna müharibəsindən əvvəlki dövrlə müqayisədə təxminən 80 faiz artdığını bildirib. Von der Lyayen Aİ-nin qarşılıqlı müdafiə mexanizminin (Maddə 42) tam tətbiqinin vaxtının çatdığını deyərək, “Birimiz hamımız üçün, hamımız birimiz üçün” prinsipini xatırladıb.

NATO-nun baş katibi Mark Rütte Ukraynaya təhlükəsizlik təminatlarının 97 faizinin artıq razılaşdırıldığını bildirib və ABŞ administrasiyasının Rusiya ilə bağlı mövqeyini müdafiə edib. Onun sözlərinə görə, Avropa NATO daxilində daha çox məsuliyyət götürməyə hazırdır.

Böyük Britaniyanın baş naziri Keir Starmer isə Rusiyanın hibrid təhdidlərinin Avropanın təhlükəsizliyini sarsıtdığını qeyd edərək, “daha Avropalı NATO” modelinin formalaşdırılmasının vacibliyini vurğulayıb. O, ölkəsinin “HMS Prince of Wales” rəhbərliyində aviadaşıyıcı qrupunu Şimali Atlantik və Arktika bölgələrinə göndərəcəyini açıqlayıb.

Ukrayna Prezidenti Volodimir Zelenski çıxışında ölkəsinin real sülh gətirəcək razılaşmaya hazır olduğunu bildirib. Zelenski qeyd edib ki, Ukrayna ordusu faktiki olaraq Avropanın təhlükəsizliyini qoruyur və NATO-nun Ukrayna ordusuna ehtiyacı var. O, seçkilərin keçirilməsi üçün əvvəlcə atəşkəsin zəruri olduğunu vurğulayıb.

Konfrans çərçivəsində Norveç və Almaniya müdafiə sahəsində “Hansa” adlı yeni əməkdaşlıq sazişi imzalayıb. Çin xarici işlər naziri Van Yi isə ABŞ-la münasibətlərdə dialoq və məsləhətləşməyə çağırış edib, Tayvan məsələsində “qırmızı xətlərin” aşılmamasını istəyib.

62-ci Münhen Təhlükəsizlik Konfransı qlobal güclər arasında artan rəqabət, Ukrayna müharibəsinin gələcəyi və Avropanın müdafiə arxitekturasının yenidən formalaşdırılması baxımından mühüm siyasi platforma kimi qiymətləndirilir.