İlham Əliyev Münxendə bir sıra görüşlər keçirib

Prezident İlham Əliyev Münxendə İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani, Slovakiyanın müdafiə naziri Robert Kalinak və "Oracle" şirkətinin CEO-su ilə görüşərək iqtisadi, hərbi və texnoloji əməkdaşlığı müzakirə edib.

51

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Münxendə keçirilən beynəlxalq tədbirlər çərçivəsində bir sıra yüksək səviyyəli görüşlər keçirib. Görüşlərdə regional əməkdaşlıq, müdafiə, iqtisadiyyat, texnologiya və süni intellekt sahələrində tərəfdaşlıq məsələləri müzakirə olunub.

Prezident İlham Əliyev Neçirvan Bərzani ilə görüşündə Azərbaycan ilə İraq Kürdüstan Regionu arasında iqtisadi, ticari, mədəni və humanitar sahələrdə əlaqələrin inkişaf perspektivlərini dəyərləndirib. Neçirvan Bərzaninin Azərbaycana əvvəlki səfərləri və keçirilmiş görüşlər məmnunluqla xatırlanıb. Dövlət başçısı onu Azərbaycana səfərə dəvət edib və dəvət məmnunluqla qəbul olunub.

Münxendə baş tutan digər görüşdə Slovakiya Respublikasının Baş nazirinin müavini və müdafiə naziri Robert Kalinak ilə ikitərəfli münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığı vurğulanıb. Prezidentin ötən ilin dekabrında Slovakiyaya rəsmi səfəri xatırlanaraq, yüksəksəviyyəli təmasların əlaqələrin inkişafına mühüm töhfə verdiyi bildirilib. Görüşdə xüsusilə hərbi-texniki əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib.

Dövlət başçısı, həmçinin ABŞ-nin aparıcı texnologiya şirkətlərindən biri olan Oracle” korporasiyasının baş icraçı direktoru Mayk Sisiliya ilə görüşüb. Görüş zamanı Azərbaycanda texnoloji transformasiya və süni intellekt sahəsində həyata keçirilən siyasətə toxunulub, “Oracle” ilə əməkdaşlığın genişləndirilməsində qarşılıqlı maraq ifadə olunub və çərçivə razılaşmasının əldə edildiyi bildirilib. Şirkətin Azərbaycanda dövlət və özəl sektora xidmətlərinin genişləndirilməsi, eləcə də ali təhsil müəssisələrində fəaliyyət göstərən “Oracle” akademiyaları müzakirə olunub.

Görüşdə Azərbaycan-ABŞ siyasi münasibətlərinin yüksək səviyyədə olduğu qeyd edilib və “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası”nın əhəmiyyəti vurğulanıb. Sənəddə süni intellekt sahəsinin prioritet istiqamətlərdən biri kimi müəyyən edildiyi bildirilib.