ABŞ-da iyirmidən artıq buddist rahib 2300 millik “Walk for Peace” (“Sülh yürüşü”) adlı mənəvi səfəri başa vuraraq Vaşinqtona çatıb. Onlar üç ay əvvəl Texas ştatından yola çıxaraq doqquz ştatdan keçiblər və qışın sərt şaxtasına baxmayaraq yürüşü davam etdiriblər.
Rahiblər bəzən şaxtalı havada ayaqyalın addımlayaraq “sülh, mərhəmət və sevgi dolu münasibət” mesajı yayıblar. Yürüş ABŞ-da artan sosial və siyasi gərginlik fonunda baş tutub.
Yürüşün ruhani lideri Bhikxu Pannakara bildirib ki, məqsəd etiraz etmək deyil, insanların daxilində artıq mövcud olan sülh hissini oyatmaqdır. Onun sözlərinə görə, birlik və xeyirxahlıq hər bir insanın daxilindən başlayaraq ailələrə və cəmiyyətə yayılmalıdır.
Rahiblər Ohayo vadisindən Yeni İngiltərəyə qədər uzanan ərazilərdə güclü qar, yağış və Arktik soyuq şəraitində hərəkət ediblər. Buna baxmayaraq, minlərlə insan onları qarşılamaq üçün küçələrə çıxıb, çiçəklər və meyvələr təqdim edib.
Vaşinqtonda yüzlərlə insan səfirliklərin sıralandığı “Embassy Row” kimi tanınan küçədə rahibləri salamlayıb. Sosial şəbəkələrdə isə yürüşün qeyri-rəsmi simvoluna çevrilən “Aloka” adlı Hindistandan xilas edilmiş it – “Sülh iti” – böyük maraq doğurub.
Şimali Karolinada ştatın qubernatoru Coş Stein rahiblərə təşəkkür edərək onların milyonlarla insana ümid bəxş etdiyini bildirib.
Vaşinqtondakı Milli Kafedralda keçirilən dinlərarası mərasimdə isə Kolumbiya dairəsinin dövlət katibi Kimberli Bassett rahiblərə paytaxt meri Muriel Bouser adından rəsmi təşəkkür bəyanatı təqdim edib.
Yürüş zamanı Texas ştatının Deyton şəhərində müşayiət avtomobilinin yük maşını ilə toqquşması nəticəsində bir neçə nəfər xəsarət alıb. İki rahib ağır yaralanıb, onlardan birinin ayağı amputasiya edilib. Buna baxmayaraq, qrup həm sülh mesajına, həm də yaralanan həmkarlarının xatirəsinə sadiq qalaraq yürüşü davam etdirib.
Rahiblər Vaşinqtondan sonra səfərlərini Merilend ştatının Annapolis şəhərində başa vuracaqlar.