ABŞ Banqladeşdə artan Çin təsirinə qarşı addımlar atmağa hazırlaşır və ölkənin növbəti hökumətinə Çin hərbi sistemlərinə alternativ olaraq ABŞ və müttəfiqlərinə məxsus müdafiə texnologiyalarını təklif etməyi planlaşdırır. Bu barədə “Reuters” agentliyinə Brent T. Kristensen məlumat verib.
Onun sözlərinə görə, Vaşinqton Cənubi Asiyada Çinin genişlənən təsirindən narahatdır və Banqladeş hökuməti ilə əməkdaşlıq edərək Pekinlə bəzi əməkdaşlıq formalarının risklərini açıq şəkildə izah etmək niyyətindədir.
Çin yaxın zamanda Banqladeşlə Hindistan sərhədinə yaxın ərazidə pilotsuz uçuş aparatları zavodunun tikintisi ilə bağlı müdafiə sazişi imzalayıb. Bundan əlavə, Dəkkə Pakistanla birgə Çin tərəfindən hazırlanmış JF-17 Thunder qırıcı təyyarələrinin alınması ilə bağlı danışıqlar aparır.
ABŞ səfiri bildirib ki, Vaşinqton Banqladeşin hərbi ehtiyaclarını qarşılamaq üçün müxtəlif variantlar, o cümlədən ABŞ istehsalı və müttəfiq ölkələrin sistemlərini təklif etməyə hazırdır. O, detalları açıqlamasa da, ABŞ-ın regionda strateji balansı qorumağa çalışdığını vurğulayıb.
Çinin Xarici İşlər Nazirliyi isə açıqlamasında Pekinlə Banqladeş arasında əməkdaşlığın üçüncü tərəflərə qarşı yönəlmədiyini və xarici müdaxiləni qəbul etmədiklərini bildirib.
Banqladeşdə ümumi seçkilər ərəfəsində siyasi vəziyyət dəyişib. 2024-cü ilin avqustunda baş vermiş etirazlar nəticəsində Hindistana yaxın hesab olunan keçmiş baş nazir Şeyx Hasina hakimiyyətdən uzaqlaşdırılıb və hazırda Yeni Dehlidədir. Bu fonda Hindistanın təsiri zəifləyərkən Çinin mövqeyi güclənib.
Kristensen qeyd edib ki, ABŞ regionda sabitliyin qorunması üçün Banqladeşlə Hindistan arasında sağlam münasibətlərin tərəfdarıdır.
ABŞ diplomatı vurğulayıb ki, bir çox Amerika şirkəti Banqladeş bazarına maraq göstərir. Lakin yeni hökumət “biznesə açıq” olduğunu açıq şəkildə nümayiş etdirməlidir. ABŞ-ın “kommersiya diplomatiyası” əsas prioritetlərdən biri kimi müəyyən olunub.
Ölkədə 175 milyon əhali yaşasa da, yüksək vergilər və mənfəətin ölkədən çıxarılması ilə bağlı çətinliklər səbəbindən ABŞ şirkətlərinin fəaliyyəti məhduddur.
Banqladeşdə sığınacaq tapmış 1,2 milyon Rohinca qaçqını ilə bağlı məsələyə də toxunan səfir bildirib ki, ABŞ humanitar əməliyyatlara ən böyük maliyyə dəstəyi verən ölkə olaraq qalır. Bununla belə, Vaşinqton beynəlxalq tərəfdaşları daha çox məsuliyyət götürməyə çağırıb.
Son illərdə BMT strukturları rohincalara dəstək üçün kifayət qədər maliyyə toplamaqda çətinlik çəkir, nəticədə ərzaq payları azaldılıb və bəzi məktəblər bağlanıb.