ABŞ-nin vitse-prezidenti Cey Di Vens ölkəmizə rəsmi səfərə gəlib

Prezident İlham Əliyev Bakıda ABŞ-ın vitse-prezidenti Cey Di Venslə görüşüb. Görüşdə sülh gündəliyi, Strateji Tərəfdaşlıq Xartiyası, TRIPP nəqliyyat dəhlizi və süni intellekt sahəsində əməkdaşlıq müzakirə olunub.

66

ABŞ-nin vitse-prezidenti Cey Di Vens bu gün ölkəmizə rəsmi səfərə gəlib. Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Cey Di Vens arasında məhdud və geniş tərkibdə görüşlər keçirilib. Görüşlərdə Azərbaycan–ABŞ münasibətlərinin mövcud vəziyyəti və perspektivləri, eləcə də regional və qlobal məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Prezident İlham Əliyev qonaqları salamlayaraq ABŞ vitse-prezidentinin rəhbərlik etdiyi nümayəndə heyətini Azərbaycanda qəbul etməyin böyük şərəf olduğunu bildirib. Dövlət başçısı son altı ay ərzində iki ölkə arasında əlaqələrin əhəmiyyətli dərəcədə gücləndiyini vurğulayıb, bu müddətdə ABŞ Prezidenti Donald Tramp ilə keçirdiyi görüşlərin və Cey Di Vensin rəsmi səfərinin tərəfdaşlığın daha yüksək səviyyəyə qalxmasında mühüm rol oynadığını qeyd edib. Prezident Əliyev bildirib ki, fəaliyyətin miqyası və komandalar arasında qarşılıqlı əlaqələr Azərbaycan–ABŞ münasibətlərinin yüksəksəviyyəli tərəfdaşlıq ruhunda inkişaf etdiyini açıq şəkildə nümayiş etdirir.

ABŞ-ın vitse-prezidenti Cey Di Vens səmimi qəbula görə təşəkkür edərək Prezident Trampın salamlarını və xoş arzularını çatdırıb. O, Azərbaycan və Ermənistan arasında ABŞ Prezidentinin vasitəçiliyi ilə əldə olunan sülh razılaşmasını yüksək qiymətləndirib və Prezident Trampın bu prosesdəki rolundan qürur duyduğunu bildirib. Vens əvvəlki administrasiyanın Azərbaycana münasibətdə yol verdiyi səhvlərə toxunaraq, hazırkı rəhbərlik dövründə bu siyasətin düzəldildiyini vurğulayıb.

Görüş zamanı ABŞ-ın vitse-prezidenti Strateji Tərəfdaşlıq Xartiyasının imzalanacağını qeyd edərək, bunun iki ölkə arasında münasibətlərin yeni mərhələyə keçidini simvolizə etdiyini bildirib. O, qarşıdakı illərdə əməkdaşlığın daha da dərinləşəcəyinə əminliyini ifadə edib.

Danışıqlar çərçivəsində Prezident İlham Əliyevin sülh gündəliyinin irəli aparılmasında nümayiş etdirdiyi liderlik xüsusi vurğulanıb. Dövlət başçısı öz növbəsində Azərbaycanla Ermənistan arasında sülhün əldə olunmasında ABŞ Prezidentinin rolunu qeyd edib. Cey Di Vens Azərbaycanda hökm sürən tolerant mühitə diqqət çəkərək, müxtəlif dinlərin nümayəndələrinin ölkəmizdə bir ailə kimi sülh və dostluq şəraitində yaşadığını bildirib.

Söhbət zamanı TRIPP nəqliyyat dəhlizinin inkişafı, eləcə də Azərbaycanla ABŞ arasında siyasət, iqtisadiyyat, ticarət, yüksək texnologiyalar, süni intellekt, data mərkəzlərinin yaradılması və digər sahələrdə əməkdaşlıq imkanları müzakirə olunub. Tərəflər qarşılıqlı maraq doğuran məsələlər üzrə dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıblar.