Banqladeşdə fevralın 12-də keçiriləcək ümumi seçkilərə az qalmış ölkə üzrə zorakılıq hadisələrinin sayında ciddi artım qeydə alınıb. Son 53 gün ərzində seçkilərlə əlaqəli ümumilikdə 274 zorakılıq faktı baş verib.
Paytaxt Dəkkədə çıxan “Dhaka Tribune” qəzetinin məlumatına görə, 2024-cü ildə baş vermiş etirazlardan sonra keçici hökumətin formalaşdırılması və fevral ayında ilk ümumi seçkilərin keçiriləcəyinin elan olunması ölkədə gərginliyi daha da artırıb.
Hökumət mənbələrinin bildirdiyinə görə, qeydə alınan hadisələrə təhdidlər, xəsarət yetirilməsi, eləcə də seçki binalarının yandırılması kimi faktlar daxildir.
Seçki tarixinin 2025-ci ilin dekabr ayının sonunda elan edilməsindən 26 yanvar tarixinədək olan təxminən bir ay ərzində ölkə üzrə 16 siyasi fəalın öldürüldüyü açıqlanıb. Tanınmış siyasətçi və ictimai fəal Şərif Osman bin Hadi dekabrın 12-də küçədə silahlı hücuma məruz qalmış, aldığı ağır yaralar nəticəsində dekabrın 18-də vəfat etmişdi.
Fevralın 12-də keçiriləcək ümumi seçkilər ərəfəsində zorakılığın və insan tələfatının daha da artacağından ciddi narahatlıq ifadə olunur.
Banqladeşdə seçicilər 350 yerlik parlament üçün təxminən 2 min namizəd arasından seçim edəcəklər. Parlamentdə çoxluq əldə etmək üçün ən azı 151 mandat qazanmaq tələb olunur.
Banqladeşin rəsmi xəbər agentliyi “Bangladesh Sangbad Sangsth”anın (BSS) məlumatına əsasən, ölkədə 127 milyondan artıq qeydiyyatdan keçmiş seçici var.
Banqladeşdə 1971-ci il Müstəqillik Müharibəsində iştirak etmiş şəxslərin övladları üçün dövlət sektorunda kvota ayrılması qərarından sonra 2024-cü ilin iyul ayının ortalarında, əsasən tələbələrin öncüllüyü ilə kütləvi etiraz aksiyaları başlamışdı.
Ali Məhkəmənin iyulun sonunda kvota faizlərinin azaldılması barədə qərarından sonra etirazların dayandırıldığı elan edilmişdi. Lakin nümayişlər zamanı baş verən zorakılıqlara görə məsul tutularaq “Camaat-i İslami” Partiyası və onun tələbə qanadının qadağan edilməsindən sonra etirazçılar yenidən, bu dəfə həlak olanlar üçün “ədalət” tələbi ilə küçələrə çıxmışdı.
Etirazlar zamanı baş verən zorakılıq hadisələrində yüzlərlə insan həyatını itirib, minlərlə şəxs saxlanılıb.
Gərginlik fonunda Banqladeşin baş naziri Şeyx Hasina rəsmi iqamətgahını tərk edərək hərbi helikopterlə Hindistana gedib, bu zaman etirazçılar baş nazirin rəsmi iqamətgahını ələ keçiriblər.
Nobel mükafatı laureatı Məhəmməd Yunus isə 8 avqust 2024-cü ildə keçici hökumətin başçısı kimi and içərək vəzifəsinin icrasına başlayıb.