78 yaşlı hakim Ken Rayt Ginnes rekorduna düşüb

Uelsli Ken Rayt 60 ildən çox davam edən hakimlik karyerası ilə Ginnesin Rekordlar Kitabına düşüb. 78 yaşlı referi 5 mindən çox oyunda çalışıb və hələ də meydanlara çıxır.

30

Uelsdən olan 78 yaşlı Ken Rayt futbol tarixində ən uzun hakimlik karyerasına görə Ginnesin Rekordlar Kitabına düşüb.

MSNews.az xəbər verir ki, “Ginnesin Dünya Rekordları” Raytın rekordunu 6 iyun 2025-ci ildə 60 illik fasiləsiz hakimlik karyerası kimi rəsmiləşdirib. Uels Futbol Assosiasiyasının hesablamasına görə isə o, hazırda artıq 63-cü mövsümünü keçirir.

“ITV News” bildirir ki, Rayt hakimliyə 1964-cü ildə başlayıb və bu müddət ərzində 5 mindən çox qarşılaşmada fəaliyyət göstərib. O, 1970–1980-ci illərdə “Arsenal”ın “Highbury”, “Tottenham”ın “White Hart Lane” və “Chelsea”nin “Stamford Bridge” stadionlarında keçirilən oyunlarda hakim briqadasında yer alıb. Həmçinin “Swansea City”nin “Manchester United” və PSJ ilə görüşlərində çalışıb.

Rayt karyerasını başa vurmaq fikrində deyil. “Swansea Bay News” yazır ki, 78 yaşlı referi hazırda “Swansea Senior League” oyunlarını idarə edir, cari mövsümdə Welsh Cup və FAW Amateur Trophy təsnifat qarşılaşmalarında da təyinat alıb.

“Bədənim mənə dayanmamağı söyləyənədək davam edəcəyəm”, – Rayt karyerasını bitirmək planının olmadığını bildirərkən deyib.

Qeyd edək ki, bəzi paylaşımlarda Rayt “tarixin ən yaşlı futbol hakimi” kimi təqdim olunur. Lakin Ginnes tərəfindən rəsmən təsdiqlənmiş rekord onun yaşı ilə deyil, kişi futbol hakimi kimi ən uzun karyeraya sahib olması ilə bağlıdır.