28 günlük fasilədən sonra La-Manş boğazında qeyri-qanuni miqrant keçidləri yenidən bərpa olunub. Şənbə günü yüzlərlə miqrant Britaniyaya doğru yola çıxaraq son yeddi ilin ən uzun fasiləsinə son qoyub.
Britaniya Daxili İşlər Nazirliyinin məlumatına görə, noyabrın 14-dən bəri La-Manşı keçən heç bir miqrant qeydə alınmamışdı. Bu, 2018-ci ilin oktyabrından bəri qeydə alınan ən uzun fasilə hesab olunur. Lakin şənbə günü günorta saatlarınadək ən azı doqquz qayıqla təxminən 500 miqrant boğazı keçməyə cəhd edib.
Britaniya Sərhəd Xidmətinə məxsus “Hurricane” patrul gəmisi onlardan 100-dən çoxunu Kent qraflığının Dover limanına çıxarıb. Artan axın fonunda “indigo” səviyyəli xəbərdarlıq elan edilib və Sərhəd Xidmətinin beş gəmisindən dördü — Hurricane, Ranger, Typhoon və Volunteer — dənizə çıxarılıb. Axtarış-xilasetmə əməliyyatlarına Fransa Sahil Mühafizəsi və Abeille Normandie gəmisi də cəlb olunub.
Dekabr ayı adətən La-Manş keçidləri baxımından ən sakit dövrlərdən biri sayılır. Aşağı temperatur, zəif görünmə, qısa gündüz saatları və fırtınalı hava şəraiti keçidləri xeyli çətinləşdirir. Buna baxmayaraq, rekord göstərici 2024-cü ilin dekabrında qeydə alınıb — həmin ay 3 254 miqrant Britaniyaya keçmişdi.
Mövcud göstəricilərə əsasən, 2025-ci il La-Manş üzərindən miqrant keçidləri üzrə ikinci ən yüksək il ola bilər. İlin əvvəlindən indiyədək 39 294 nəfərin Britaniyaya çatdığı ehtimal olunur. Bu rəqəm 2022-ci ilin eyni dövrü ilə müqayisədə 11 faiz az olsa da, artıq 2024-cü ilin ümumi göstəricisini geridə qoyub.
Hadisələr Fransa hökumətinin miqrant keçidlərinin qarşısını almaq üçün siyasətini sərtləşdirdiyi bir vaxta təsadüf edir. Paris ilk dəfə olaraq, miqrant daşımayan kiçik qayıqların dənizdə dayandırılmasına razılıq verib. Bu qərar Britaniya Baş naziri Kir Starmerin Fransa Prezidenti Emmanuel Makrona müraciətindən sonra qəbul edilib. Starmer məktubunda Britaniyanın La-Manşda keçidləri caydırmaqda effektiv mexanizmlərə malik olmadığını açıq şəkildə etiraf edib.
Eyni zamanda, miqrantlara qarşı radikal qrupların fəaliyyəti də narahatlıq doğurur. Britaniyada fəaliyyət göstərən sağçı “Raise the Colours” adlı qrupun üzvləri Fransanın sahil bölgələrində miqrantları daşımaq üçün istifadə edilən rezin qayıqları bıçaqlarla deşdiklərini iddia ediblər. Miqrantlara dəstək verən təşkilatlar isə bu cür özbaşına müdaxilələrin dərhal dayandırılmasını tələb edir.
Qeyd edək ki, insan alverçiləri təhlükəsizlik tədbirləri gücləndirildikcə daha iri qayıqlardan istifadə etməyə başlayıb. Sentyabr ayında bir “super qayıq”la 125 miqrantın La-Manşı keçməsi rekord kimi qeydə alınıb.
Bu payız istifadəyə verilən “bir nəfər daxil olur, bir nəfər geri qaytarılır” razılaşması çərçivəsində artıq 150-dən çox miqrant Fransaya geri göndərilib. Britaniya Daxili İşlər Nazirliyi pilot proqramın genişləndiriləcəyini açıqlayıb.