Bosniya və Herseqovinanın xarici işlər naziri Elmedin Konakoviç ölkənin iki entitetindən biri olan Serb Respublikasında (RS) vəzifəsindən uzaqlaşdırılmış sabiq prezident Milorad Dodik və ona yaxın şəxslərin israilli keçmiş kəşfiyyat əməkdaşı ilə lobbiçilik fəaliyyəti aparmaq məqsədilə müqavilə bağladıqlarını açıqlayıb.
Nazirin sözlərinə görə, sözügedən müqavilə RS-nin Bosniya və Herseqovinadan ayrılaraq müstəqilliyinin təmin edilməsi, entitet ərazisində seçkilərin keçirilməməsi və Yüksək Nümayəndəlik Ofisinin (OHR) bağlanması kimi məqsədləri əhatə edib. Konakoviç bildirib ki, Dodikə yaxın rəsmilər 2025-ci ilin sentyabrında Kanadada yerləşən “Dickens & Madson” adlı lobbi şirkəti ilə 4 milyon dollar dəyərində müqavilə imzalayıblar və bu sənədlər ABŞ-da rəsmi qeydiyyatdan keçərək ictimaiyyətə açıqlanıb.
Xarici işlər naziri lobbi şirkətinin rəhbərinin İran əsilli, israilli keçmiş kəşfiyyat əməkdaşı Ari Ben-Menaşe olduğunu qeyd edib. Onun sözlərinə görə, müqavilə çərçivəsində artıq 3 milyon dollar ödənilib, 1 milyon dollar isə hələ ödənilməyib. Konakoviç vurğulayıb ki, sənəddə Dodikin birbaşa imzası olmasa da, yaxın çevrəsinə daxil olan şəxslərin imzaları mövcuddur və bu, separatçı planların ilk dəfə yazılı və rəsmi formada ortaya qoyulması deməkdir.
Açıqlamada əsas hədəflərdən birinin ABŞ Prezidenti Donald Tramp səviyyəsində lobbiçilik aparmaq olduğu bildirilib. Sənəddə həmçinin Bosniya və Herseqovinanın Yüksək Nümayəndəsi Kristian Şmidtin səlahiyyət müddətinin dayandırılması üçün təşəbbüslərin yer aldığı qeyd olunub. Müqavilənin RS adından Mladen Filipoviç tərəfindən imzalandığı açıqlanıb.
Konakoviç əlavə edib ki, sənədlərdə Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman ilə görüşün təşkili cəhdləri də yer alır və bu məsələnin araşdırılması üçün dövlət qurumları hərəkətə keçməlidir.
Qeyd edək ki, Milorad Dodik yanvarın 29-da İsrailə, fevralın 7-də isə ABŞ-a səfər edib və hər iki səfər zamanı RS-nin müstəqilliyi ilə bağlı iddialarını gündəmə gətirib. Onun uzun müddətdir səsləndirdiyi separatçı çağırışlar və Dayton Sülh Sazişi əsasında yaradılmış OHR-ni tanımaması Bosniya və Herseqovinada ciddi siyasi və hüquqi proseslərə səbəb olub.
Dodik barəsində “OHR qərarlarına hörmətsizlik” ittihamı ilə açılmış iş çərçivəsində ona bir il həbs və altı il siyasi fəaliyyət qadağası cəzası verilib. Bosniya və Herseqovina Məhkəməsi həbs cəzasını pul cəriməsi ilə əvəz edib, Seçki Komissiyası isə altı illik siyasi qadağa qərarından sonra Dodiki Serb Respublikası Prezidentliyi vəzifəsindən uzaqlaşdırıb.