Türkiyənin də daxil olduğu 14 ölkə ABŞ səfiri Hakabinin bəyanatını qınadı

Türkiyə və daha 13 ölkə ABŞ-ın İsraildəki səfiri Mayk Hakabinin İsrailin Yaxın Şərq üzərində nəzarətinə dair açıqlamalarını beynəlxalq hüquqa zidd adlandıraraq pisləyib.

35

Türkiyənin də daxil olduğu 14 ölkə ABŞ-ın İsraildəki səfiri Mayk Hakabinin İsrailin Yaxın Şərqin tamamı üzərində nəzarət qurmasının “qəbul edilə bilən” ola biləcəyi barədə səsləndirdiyi fikirləri kəskin şəkildə pisləyib.

Türkiyə Xarici İşlər Nazirliyi tərəfindən yayımlanan birgə bəyanatda Türkiyə ilə yanaşı Misir, İordaniya, Livan, İndoneziya, Küveyt, Qətər, Oman, Pakistan, Bəhreyn, Səudiyyə Ərəbistanı, Suriya, Fələstin və Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər nazirləri, eləcə də İslam Əməkdaşlıq Təşkilatı, Ərəb LiqasıKörfəz Əməkdaşlıq Şurası katiblikləri sözügedən ifadələri qınayıb.

Bəyanatda vurğulanıb ki, səfirin açıqlamaları beynəlxalq hüququn və BMT Nizamnaməsinin açıq pozuntusudur, eyni zamanda regionun təhlükəsizliyi və sabitliyi üçün ciddi təhdid yaradır.

Sənəddə qeyd olunub ki, bu cür bəyanatlar ABŞ Prezidenti Donald Trampın irəli sürdüyü və Qəzzada hücumların dayandırılmasını hədəfləyən planla ziddiyyət təşkil edir. Bildirilib ki, həmin plan gərginliyin artmasının qarşısını almaq və Fələstin xalqının müstəqil dövlət qurmasına imkan verəcək siyasi perspektiv formalaşdırmaq məqsədi daşıyır.

Birgə açıqlamada İsrailin işğal altındakı Fələstin torpaqları və digər ərəb əraziləri üzərində heç bir suveren hüququnun olmadığı vurğulanıb. Qərb Sahilinin ilhaqı, Qəzza zolağının ayrılması cəhdləri və yaşayış məntəqələrinin genişləndirilməsi qəti şəkildə rədd edilib.

Nazirlər və təşkilat rəhbərləri 4 iyun 1967-ci il sərhədləri əsasında Fələstin dövlətinin yaradılması və Fələstin xalqının öz müqəddəratını təyin etmə hüququna sadiqliklərini bir daha bəyan ediblər. Eyni zamanda, bölgədə gərginliyi artıran və barış prosesinə xələl gətirən bəyanatların dayandırılmasına çağırış edilib.