Zülfiyyə Qurbanova səhnəarxası hazırlıq prosesindən danışdı

Tanınmış aktrisa Zülfiyyə Qurbanova səhnəyə hazırlıq prosesi, rol üzərində işləməyin daxili və yaradıcı tərəfləri, rejissorla əməkdaşlıq və aktrisalıq peşəsinə münasibəti barədə Msnews-a açıqlama verib.

58

Msnews-a açıqlamasında tanınmış aktrisa Zülfiyyə Qurbanova bildirir ki, səhnəyə hazırlıq prosesi onun üçün təkcə texniki deyil, həm də dərin daxili axtarış mərhələsidir:

“Bu yol çox uzun bir prosesdir. Rol üzərində işləmək motor deyilən mərhələyə qədər davam edir. Hər rolun öz alt qatı, hekayəsi var. Rejissorla birgə əməkdaşlıq, axtarışlar və daxili hazırlıq tələb olunur. Aktyor kor-koranə nəsə edə bilməz. Bu, həm enerji, həm də zaman tələb edən, bəzən insanı yoracaq qədər çətin bir prosesdir.

Rol üzərində işləyərkən daim axtarışda olursan. Bu həm mənim aktrisa kimi məsuliyyətimdir, həm də rejissorla birlikdə aparılan yaradıcı bir prosesdir. Amma motor deyildiyi andan etibarən, rejissordan başqa kimsənin mənimlə təmasa keçməsini istəmirəm. Son anda yalnız rejissor nəyisə dəyişə bilər. Kənar müdaxilələr aktyor işinə zərər verə bilər.

Mən həmin məqamda özüm-özümlə qalmağı sevirəm. Çünki artıq səhnəyə köklənirəm və bilirəm ki, fikir dağınıqlığı olmamalıdır. Bu səbəbdən çalışıram kimsə ilə ünsiyyət qurmayım”.

Zülfiyyə Qurbanova etiraf edir ki, özünü aktrisalıqdan kənar bir sahədə təsəvvür etməkdə çətinlik çəkir:

“Aktrisa olmasaydım, özümü başqa bir sahədə təsəvvür etmək çətindir. Mən ümumiyyətlə, özümü yalnız aktrisa kimi görürəm. Amma əgər bu peşə olmasaydı, yəqin ki, hərbçi olardım və ya idman sahəsində özümü sınayardım. Hansı sahə olmasından asılı olmayaraq, mübarizə aparmağı sevən biriyəm. Daim formada olmağı və işimə ciddi yanaşıram.”