Zelenskii kadr islahatına başladı: Kirill Budanov Prezident Aparatının rəhbəri təyin olundu

Ukrayna Prezidenti Volodimir Zelenski hərbi kəşfiyyat rəhbəri Kirill Budanovu Prezident Aparatının başına gətirdi. Kadr dəyişikliyi təhlükəsizlik və diplomatiyaya fokuslanmanı göstərir.

73

Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə geniş rezonans doğuran kadr dəyişikliyinə imza ataraq, Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (HUR) rəhbəri, general-leytenant Kirill Budanovu Prezident Aparatının rəhbəri təyin edib.

Bu addım Kiyevin Rusiya ilə davam edən müharibə fonuna təhlükəsizlik və diplomatiyaya prioritet verdiyini göstərir və ABŞ-ın dəstəklədiyi sülh danışıqları prosesində Ukraynanın mövqelərini gücləndirməyə yönəlib.

39 yaşlı Budanov bu vəzifədə uzun illər Zelenskinin əsas siyasi müttəfiqi kimi tanınan Andriy Yermakı əvəzləyib. Yermak noyabr ayında korrupsiya qalmaqalı fonunda istefa vermişdi. Həmin qalmaqal cəmiyyətdə ciddi narazılıq yaratmışdı.

Prezident Zelenskiy “X”  platformasında yaydığı açıqlamada bildirib ki, ölkənin hazırkı mərhələdə təhlükəsizlik, ordu və diplomatiya sahələrinə daha güclü fokuslanmasına ehtiyac var:

“Kirill bu sahələr üzrə ixtisaslaşmış təcrübəyə və real nəticələr əldə etmək üçün kifayət qədər gücə malikdir”, — deyə Zelenski vurğulayıb.

Kirill Budanov isə təyinatı qəbul etdiyini bildirərək, Prezident Aparatındakı fəaliyyətini “dövlətin strateji təhlükəsizliyi” məsələlərinə həsr edəcəyini qeyd edib.

Zelenski, eyni zamanda açıqlayıb ki, Ukraynanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Oleq İvaşenko hərbi kəşfiyyata yeni rəhbər təyin olunacaq. Bundan əlavə, Sərhəd Xidmətinin rəhbərinin də dəyişdirilməsi planlaşdırılır.

Budanov 2020-ci ildən etibarən HUR-a rəhbərlik edir və Rusiya qüvvələrinə qarşı bir sıra gizli əməliyyatların planlaşdırılması və icrasında iştirak edib. O, həmçinin əsir mübadiləsi üzrə Rusiya ilə danışıqlara rəhbərlik edib.

Cəmiyyətdə yüksək nüfuza malik olan Budanov tez-tez mediada çıxış edir və Rusiyanın daxilində baş verən hadisələrlə bağlı üstüörtülü, lakin diqqətçəkən açıqlamaları ilə tanınır. 2023-cü ildə “Reuters”-ə verdiyi müsahibədə o, ictimai görünürlüyünü Moskva ilə “informasiya müharibəsinin” bir hissəsi adlandırmışdı.

Bir neçə sui-qəsd cəhdindən sağ çıxan Budanov xüsusi təyinatlı qüvvələrdə xidmətə başlayıb, Krımın ilhaqından sonra Ukraynanın şərqində döyüşüb və üç dəfə yaralanıb.

Onun sələfi Andriy Yermak Ukraynada “boz kardinal” kimi tanınırdı və pərdəarxası təsiri ilə seçilirdi. Anti-korrupsiya orqanlarının Yermakın evində apardığı axtarışdan sonra onun istefası cəmiyyətdə hökumətə olan etimadı sarsıdan əsas məqamlardan biri oldu.

İstintaq çərçivəsində enerji sektorunda təxminən 100 milyon dollarlıq rüşvət sxemi araşdırılır. Yermak rəsmi olaraq şübhəli şəxs elan edilməsə də, onun istefası uzun müddət müzakirə olunurdu.