Zelenski “Maşa və Ayı”nın yaradıcılarına sanksiya tətbiq edib

Ukrayna Prezidenti Volodimir Zelenski “Maşa və Ayı” cizgi serialının yaradılması və yayılmasında iştirak edən 5 Rusiya vətəndaşı və 4 təşkilata qarşı sanksiyaları qüvvəyə mindirib.

34

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın məşhur “Maşa və Ayı” animasiya serialının yaradılması və yayılması ilə əlaqəli şəxslər və şirkətlərə qarşı sanksiyalar tətbiq edib.

MSNews.az xəbər verir ki, Zelenski avqustun 20-də Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarlarını qüvvəyə mindirən bir neçə fərman imzalayıb. Ukrayna Prezident Ofisinin rəsmi məlumatına görə, “Maşa və Ayı” ilə əlaqədar 5 Rusiya vətəndaşı və 4 təşkilat sanksiya siyahısına salınıb.

Kiyev qərarı serialın uşaq kontenti adı altında “Rusiyapərəst narrativlər” yayması və bunun Ukraynanın milli təhlükəsizliyi üçün təhdid yaratması iddiası ilə əsaslandırıb. Sanksiyalar arasında serialın istehsalçısı “Animaccord” studiyası, onun rəhbərliyi, həmçinin layihənin ssenari müəllifi, rejissoru, prodüseri və hüquq sahibləri ilə əlaqəli şəxslər və şirkətlər yer alır.

Bu barədə “Ukrainska Pravda” də məlumat yayıb.

Ukrayna Prezidentinin sanksiya siyasəti üzrə nümayəndəsi Vladislav Vlasyuk bildirib ki, Kiyev xüsusilə uşaqlara yönələn və böyük beynəlxalq platformalarda yayılan Rusiya mənşəli informasiya məhsullarına ayrıca reaksiya verməyi zəruri hesab edir. Ukrayna tətbiq olunan məhdudiyyətlərin digər ölkələrin yurisdiksiyalarında da uyğunlaşdırılması üçün məlumatları tərəfdaşlarına təqdim etməyi planlaşdırır.

Bununla belə, sosial mediada yayıldığı kimi, “Maşa və Ayı”nın Ukraynada artıq tam qadağan edildiyini demək hələ tezdir. 20 avqust tarixli rəsmi qərar ilk növbədə serialın yaradıcıları və hüquqi şəxslərinə qarşı sanksiyaları müəyyən edir. “RBC-Ukrayna” bu addımın serialın Ukrayna ərazisində yayımının gələcəkdə məhdudlaşdırılmasına imkan yarada biləcəyini yazır, lakin Prezident Ofisinin açıqlamasında ayrıca tam yayım qadağasının artıq qüvvəyə mindiyi bildirilmir.

“Animaccord”un öz məlumatına görə, 2008-ci ildə yaradılmış şirkətin əsas layihəsi olan “Maşa və Ayı” dünyanın 150-dən çox ölkəsində yayımlanıb.